Məzahir Pənahov: "1 231 nəfər imza vərəqəsi alıb"

Məzahir Pənahov: "1 231 nəfər imza vərəqəsi alıb"

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda Parlament seçkilərində iştirak etmək üçün indiyədək seçki dairələrinə 1 449 nəfər müraciət edib: "Onlardan 557-si siyasi partiyalar, 60-ı "Azadlıq-2015" seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 829 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 351-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib".

Sədrin sözlərinə görə, deputatlığa namizədliyini irəli sürənlərdən 1 231 nəfər imza vərəqəsi alıb: "376 nəfər artıq imza vərəqələrini qaytarıb. Onların 217-nin deputatlığa namizədliyi qeydə alınıb. Həmin namizədlərin 123-ü siyasi partiya, 94-ü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 102 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb".

İclasda həmçinin quruma daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova 40 saylı Kəpəz İkinci Seçki Dairəsində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Elnur Eyvazovun deputatlığa namizədliyinin müvafiq Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya şikayət etdiyini bildirib: "MSK-nın İşçi Qrupu tərəfindən aparılmış araşdırma zamanı E.Eyvazovun təqdim etdiyi imza vərəqələrində 493 imza təqdim etdiyi, 466 imzanın etibarlı sayıldığı üzə çıxıb".

O, 466 imzanın E.Eyvazovun deputatlığa namizədliyinin qeydə alınması üçün yetərli olduğunu bildirib: "Məsələ səsverməyə çıxarılıb və 40 saylı Kəpəz İkinci Dairə Seçki Komissiyasının qərarının ləğv edilməsi, E.Eyvazovun namizədliyinin qeydə alınması barədə qərar qəbul edilib".

Həmçinin MSK 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş İsmayıl Ağayevin, 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Günel Səfərovanın, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsinə öz təşəbbüsü ilə namizədliyini irəli sürən Kəramət Salayevin namizədliyinin qeydə alınması barədə qərar verərək, DSK-ların qərarını ləğv edib.

İclasda 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ənvər Ağazadənin isə qeydə alınmaması barədə DSK-nın qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Milli Məclisə seçkilər bu ilin noyabın 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə