"Ümumiyyətlə Azərbaycanda keçirilən mühüm tədbirlər öncəsi bir çox xarici güclər, xüsusilə Azərbaycanı istəməyən beynəlxalq xarici qüvvələr və bəzi dövlətlər ölkəmizə qarşı təzyiq siyasətinə əl atırlar". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli müxalifətin bu ilin noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot etməsi çağırışına münasibət bildirərkən deyib.
Aparat rəhbərinin sözlərinə görə, Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı da ölkəmizə qarşı bu cür təzyiqlər göstərilməyə çalışılmışdı: "Onlar hər vəchlə çalışırdılar ki, oyunlar boykot olunsun. Azərbaycanın həm daxilində, həm də xaricdə olan beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər belə bir çağırışlar edirdilər. Onların niyyəti yalnız ondan ibarətdir ki, Azərbaycanda keçirilən mühüm tədbirlərdə ölkəmizə təsir edərək, daha çox şeylərə nail olsunlar və milli mənafeyimizə zərər vursunlar. Eyni ssenarilər parlament seçkiləri ərəfəsində də davam etdirilir. Artıq bir sıra təşkilatlar Azərbaycanda insan hüquqlarının pozulması, demokratiyanın inkişafında əngəllər olduğu barədə qətnamələr qəbul edirlər. Amma çox təəccüblüdür ki, nəyə görə məhz bu cür sənədlər mühüm tədbirlər ərəfəsində verilir və sonrada da geri götürülür. Deməli, bunun başqa niyyətləri və məqsədləri var. Təəssüf ki, bu cür niyyətlərə Azərbaycanın daxilində bir sıra siyasi və ictimai qurumlar da qoşulur və onlara dəstək verirlər. Təbii ki, bunlar Azərbaycanın milli maraqlarına ziddir".
M.Rəhimli arzu edib ki, Azərbaycanda bütün siyasi qüvvələr hadisələrə milli maraqlar baxımından yanaşsınlar: "Bu həm onların özlərinin, həm də bütövlükdə ölkəmizin maraqlarına uyğun olar. İndiki halda parlament seçkilərini boykot etmək heç nəyə yaramır. Çünki boykot etmək üçün xalqın böyük əksəriyyətini seçkilərdən çəkinməyə, seçkiləri keçirməməyə çağırmaq lazımdır. Həmin siyasi qurumların isə belə bir gücü yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB