Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, nazirlər həm təkbətək, həm də geniştərkibli görüş keçiriblər. Görüşlərdən sonra nazirlərin mətbuat konfransı keçirilib.
Mətbuat konfransında görüşlərlə bağlı məlumat verən nazir Elmar Məmmədyarov bildirib ki, F.Sinirlioğlu ilə regional məsələləri müzakirə edib.
Onun sözlərinə görə, görüşdə həmkarına həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verib: "Biz "bir millət, iki dövlət, prinsipinə əsaslanaraq qardaş ölkə ilə bir çox məsələlərdə əməkdaşlıq edirik. Rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və daim ölkəmizin yanındadır. Azərbaycan-Türkiyə böyük layihələr üzərində çalışır. Bakı-Tbilisi-Qars dəmir yol xəttini buna misal olaraq göstərmək olar. Bu dəmiryol xətti nəinki Qafqaz, eləcə də Orta Asiya üçün böyük əhəmiyyətə malikdir. Görüş zamanı həmkarımla Suriyadakı miqrantlarla bağlı məsələlər barədə də fikir mübadiləsi apardıq. Bu gün Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü öz yurdlarından didərgin düşüb. Onların hüquqları kobud şəkildə pozulub".
Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib: "Azərbaycanda ilk dəfə 23 il bundan öncə olmuşam. Ölkəniz sözün əsl mənasında günü-gündən inkişaf edir. Azərbaycan irəliyə doğru gedir. Hər iki ölkənin tarixi bağlılıqları var. Biz hər zaman Azərbaycanın yanındayıq. Eləcə də Azərbaycanla terrorizmə qarşı ortaq mübarizə aparırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətini mütəmadi olaraq izləyirik. Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayacaq bu, onların özünə ziyan gətirəcək".
Daha sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB