Bakıda Malayziyanın Milli Günü qeyd ediləcək FOTOLAR-VİDEO

Bakıda Malayziyanın Milli Günü qeyd ediləcək FOTOLAR-VİDEO

Malayziyanın Azərbaycandakı səfirliyi Bakıda bu ölkənin Milli Gününü qeyd edəcək. SİA-nın məlumatına görə, bu gün bununla bağlı mətbuat konfransı keçirilib. Konfransda Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Roslan Abdul Rahman, Malayziya Turizm və Mədəniyyət Nazirliyinin Mədəniyyət katibinin müavini Datuk Abdul Ghaffar A. Tambi, sözügedən ölkənin rəsmiləri və səfirliyin nümayəndələri iştirak ediblər.

Səfir Roslan Abdul Rahman 31 avqust 2015-ci il tarixinə təsadüf edən, Malayziya Milli Gününün ilk dəfə Azərbaycanda qeyd edilməsində köməyi olan hər kəsə minnətdarlığını bildirib. Məlumat verib ki, Malayziya 5 aprel 1993-cü ildən Azərbaycanla qurulan sıx dostluq münasibətindən olduqca məmnundur: "Biz, Bakıda 1 aprel 2014-cü il tarixində səfirlik açdığımız halda, Azərbaycan Malayziya da öz diplomatik nümayəndəliyini 2007-ci ilin iyun ayında açıb. Daha öncə biz Türkiyənin Ankara şəhərində yerləşən və eyni zamanda 1995-ci ildən Azərbaycan üçün də xidmət göstərən səfirliyimiz vasitəsi ilə fəaliyyət göstərirdik. İnanırıq ki, sıx münasibətimizin möhkəmlənməsi üçün, iki ölkə arasındakı mövcud əlaqələr, xüsusilə də ticarət və investisiya sahələri daha genişləndirilməlidir. Hazırda, ikitərəfli ticarət əlaqələri təvazökar rəqəmlər üzərində dayanıb. Azərbaycan ilə ticarət əlaqələri 2015-ci ilin ortalarına qədər 58.7 milyon dollar həcmində olmuş və ticarətin əsas hissəsini sənaye məhsulları təşkil etmişdir. Ümid edirik ki, diplomatik münasibətlərin davamlı inkişafı ilə bu rəqəm daha da artacaq".

Konfransda səfirlik, qonaqlara Milli Günü birlikdə qeyd etmək üçün dəvətnamələr təqdim edib.

Qeyd edək ki, bu gün başlayacaq tədbirdə səfirlik, Malayziya Turizm və Mədəniyyət Nazirliyinin əməkdaşlığı çərçivəsində milli rəqslər nümayiş olunacaq. Rəqs qrupu, Malayziyanın multietnik qrupunu təmsil edən milli rəqslər ifa edəcək.

Qəbul zamanı qonaqların, həmçinin Malayziyadan xüsusilə dəvət olunan aşbazın hazırladığı təamları dadmaq şansı olacaq.

Malayziya Mədəniyyət Festivalı isə Bakıda ilk dəfə olaraq sentyabrın 18-20-də Dənizkənarı Milli Parkda (Kukla teatrının arxasında) baş tutacaq.

Malayziya Mədəniyyət festivalının keçirilməsi, bu ölkəninin beynəlxalq arenada tanınması və onun mədəni irsinin daha geniş kütləyə çatdırılmasına yönələn ardıcıl siyasətlərindəndir.

Proqram Malayziyanın Bakıdakı səfirliyi, Malayziya Daxili İşlər Nazirliyi, Malayziya Turizm və Mədəniyyət Nazirliyi və həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı nəticəsində həyata keçiriləcək. Burada, həmçinin Malayziya Mədəniyyət və Turizm Nazirliyi yanında fəaliyyət göstərən bir sıra qurum və departamentlər də iştirak edəcək.

Malayziya Azərbaycan Mədəniyyət Festivalının açılışı sentyabrın19-da bu ölkənin Turizm və Mədəniyyət Nazirliyinin Mədəniyyət katibinin müavini Datuk Abdul Ghaffar A. Tambinin rəhbərliyi altında keçiriləcək. Proqramda mədəni irs nümayişi, ərzaq satışı, əl işlərinin nümayişi və satışı, Malayziyaya tur paketlərinin tanıtımı və milli oyunların nümayişini sərgiləyən 40 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə