Bakıda beynəlxalq forum keçirilir FOTOLAR

Bu gün “Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı beynəlxalq forum öz işinə başlayıb
Bakıda beynəlxalq forum keçirilir FOTOLAR

Bu gün "Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" adlı beynəlxalq forum öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, xarici ölkələrin dini ekspertləri və media nümayəndələri iştirak ediblər.

Forumu açıq elan edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qonaqları salamlayaraq Azərbaycandakı dini və milli tolerantlığın ənənələrindən danışıb.

Daha sonra Azərbaycan Respublikasının Millətlərarası, Muktukukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla forumun vacib mövzuya həsr olunduğunu və olduqca böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Kamal Abdulla deyib ki, Azərbaycan tarixən bir çox hücumlara, qırğınlara, soyqırımlara, dini basqılara məruz qalsa da, hər zaman öz tolerantlığını qoruyub saxlamağa müvəffəq olub: "Azərbaycan hökuməti və cəmiyyəti humanistliyə, dini tolerantlığa önəm verir və bütün hallarda təzyiqlərə baxmayaraq, onu qorumağa çalışır".

Çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, Azərbaycanda milli, dini, etnik ənənələrə hörmət edən cəmiyyət mövcuddur: "Hər bir ölkədə insan azadlığı vacib faktordur. Bu baxımdan da hesab edirəm ki, ölkə qanunlarına hörmət edərək, milli adət-ənənələri qoruyub saxlamaq hər birimizin borcudur".

Vitse-spiker forumu əhatə edən mövzunun vacibliyini dilə gətirərək əlavə edib ki, Azərbaycan digər ölkələrlə bu və ya digər sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır: "Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq".

Daha sonra çıxış edən Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söyləyib. M.Qurbanlı vurğulayıb ki, Azərbaycana ilk dəfə gələn insan bədbin fikirlərlə gəlsə də, buranı gəlib görəndən sonra fikirləri tamamilə dəyişir: "Azərbaycan haqqında yanlış məlumatlar yayılır. Ölkədəki mövcud vəziyyətlə bağlı qərəzli xəbərlər yazılır. Amma Azərbaycana gələn əcnəbilər təqdim olunan məlumatların nə qədər yanlış olduğunu görürlər".

Mübariz Qurbanlı Avropaya miqrant axını məsələsinə də toxunaraq deyib ki, bunun əsas səbəbi insanların dini və milli tolerantlığa dözümsüzlüyüdür: "Hazırda 42 ölkədə qanlı müharibələr gedir. Hər il ən az 200 min insan bu savaşlarda ölür. Son 14 ildə 2,5 milyon insan etnik və dini zəmində gedən müharibələrin qurbanı olub. Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar".

Digər çıxış edən natiqlər isə öz növbəsində qloballaşma dövründə tolerantlıq, mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini və qeyri-dini inanclara tolerant yanaşmada medianın rolundan bəhs ediblər.

Məlumat üçün bildirək ki, 15-dən 19-na qədər davam edəcək forum dini və milli tolerantlıqla bağlı müxtəlif mövzulara həsr edilən panellərlə davam edəcək. Panellərdə Misir, ABŞ, Gürcüstan digər ölkələrdən olan ekspertlərin çıxışları gözlənilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə