“Bu, Avropa Parlamentinə dərs olacaq” AÇIQLAMA

“Bu, Avropa Parlamentinə dərs olacaq” AÇIQLAMA

"Qərbin ölkəmizə qarşı tutduğu ədalətsiz mövqe artıq dözülməz həddə çatıb. Buna görə də Azərbaycan parlamenti növbədənkənar sessiya çağırdı və millət vəkilləri də Avropa Parlamentinin ölkəmizlə bağlı çıxardığı bu qərəzli qətnaməyə münasibət bildirdilər. Avropa Parlamentinin mövqeyi qətiyyətlə pislənildi, ermənipərəst qüvvələr sərt tənqid olundu və onlara çağırış olundu ki, ləyaqətli qərar çıxarsınlar. Eyni zamanda Avropa Parlamenti ilə bağlı Milli Məclis öz qərarını verdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Ərəstun Cavadov bildirib.

Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə münasibət bildirən millət vəkili qeyd edib ki, sözügedən bəyanat millətimizin qınağına tuş gəlib: "Qətnamə Qərbin ölkəmizə qarşı apardığı mənfur siyasətin, ikilistandartların bariz nümunəsidir. Qərb Azərbaycana qarşı dəfələrlə belə qərəzli addımlar atıb. Bütün bunlar azmış kimi, bu dəfə də təxirəsalınmaz qətnamə çıxardı. Bu, Avropa Parlamentinə bir dərs olacaq. Çünki Azərbaycanın daxili işlərinə müdaxilə etməyin məsuliyyəti çox ağırdır. Biz heç bir dövlətinin daxili işlərinə müdaxilə etmirik".

Ə. Cavadov söyləyib ki, ölkəmizdə elə adamlar var ki, Qərbin bir sıra dairələri ilə işbirliyi qurublar: "Avropa ölkəmizdə ən xırda məişət zəminində baş verən hadisəyə münasibət bildirir. Qərbin burada müdafiə etdiyi adamlar xalqımız qarşısında inamını, nüfuzunu itiriblər. Onlar müxtəlif formalarda radikal müxalifəti maliyyələşdirərək özlərinin quluna çeviriblər. İndi də Leyla və Arif Yunusların, Xədicə İsmayılın azad olunmasını tələb edirlər. Onlardan soruşmaq lazımdır, siz nəyə görə onlara dayaq olursunuz? Onların sizinlə hansı əlaqələri var? Leyla Yunus, Xədicə İsmayıl kimi adamlar hələ də mövcuddur. Amma qədirbilən xalqımız Xədicələrdən, Yunuslardan artıq cana doyub. Onların varlığı xalq üçün yox kimidir".

Bütün xəbərlər Facebook səhifəmizdə