"Azərbaycan regionda bir təhlükəsizlik, stabillik adasıdır” AÇIQLAMA

"Azərbaycan regionda bir təhlükəsizlik, stabillik adasıdır” AÇIQLAMA

"Ümumiyyətlə, bəzi beynəlxalq təşkilatlar var ki, onların arxasında erməni lobbisi dayanır. Onların mərkəzi ofislərində, təşkilatların idarə heyətlərində bilavasitə ermənilər təmsil olunurlar və bəlli mənbələrdən vəsait alırlar. Həmin vəsaitin bir hissəsini onu verən təşkilatın özünə qayıdır, digər hissəsi isə Azərbaycanın imicinə xələl gətirmək, ictimai-siyasi sabitliyi pozmaq, müxtəlif iğtişaşlar yaratmaq və ölkəmizi hansısa xaos, müharibə şəraitində və s. olan dövlət kimi qələmə verməyə sərf olunur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dövlət başçısı İlham Əliyevin "bəzi xarici dairələr Azərbaycanda "Maydan hərəkatı" yaratmaq istəyirdilər" fikrinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, onların əsas məqsədi müxtəlif üsullardan, vasitələrdən istifadə etməklə öz firmalarını, təşkilatlarını ölkəmizdə güzəştli şərtlərlə yaratmaqdır: "Digər tərəfdən müsəlman ölkəsi olaraq Azərbaycanın inkişaf etməsi, müasirləşməsi, bütün dinlərin, təriqətlərin eyni qaydada ölkəmizdə fəaliyyət göstərməsi və s. onları çox narahat edir. Təbii ki, bunun üçün də "sapı özümüzdən olan baltalar" tapıb ortaya çıxarırlar. Məsələn, "Milli Şura" yaranan kimi qondarma "Talış-Muğan Respublikası"na müraciət etdi. Hansı ki, bu söhbət çoxdan bitmişdi. Hətta "TMR"-in qondarma başçısı Əlikram Hümbətov Ermənistana səfər edib orada etdiyi çıxışlarda Azərbaycan əleyhinə fikirlər söyləyirdi. "Milli Şura"nın üzvlərindən biri isə onu dəstəkləmişdi. Artıq xoruzun quyruğu görünür. Yəni onlara verilən qrantların məqsədi, məramı odur ki, nə edirsiniz edin, nə qədər məniməsiyirsiniz mənimsəyin, amma qalan hissəsini mütləq Azərbaycanda iğtişaşların törədilməsinə yönəldin. Hətta sizlərdə şahidi olduz ki, Azərbaycanın bir neçə rayonunda buna cəhd etdilər. Lakin hüquq-mühafizə və digər təhlükəsizlik orqanları həmin olayların qarşısını vaxtında aldı.

İkincisi isə heç bir dövlətə, hətta bizi istəyən dövlət olsa belə, güclü Azərbaycan dövləti, prezidenti sərf etmir. Onlar hesab edirlər həmin dövlət arabanın beşinci təkəri olmalıdır".

YAP icra katibinin müavini diqqətə çatdırıb ki, bu gün Azərbaycan regionda sırf müstəqil və ölkələrlə bərabərhüquqlu siyasət aparan bir dövlətdir: "Burada bir növ Azərbaycan xalqının maraqları təmsil olunur. Yəni hansısa bir dövlətin, qurumun, təşkilatın yox. Onlar Ukrayna hadisələri başlanan zaman gördülər ki, heç nə etmək mümkün deyil. Hətta Azərbaycan müxalifəti belə bir fikir söyləmişdi ki, Ukraynaya Heydər Əliyev lazımdır. Artıq ayrı-ayrı yerlərdə bunu etiraf edirlər. Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın uğurlu siyasəti daha geniş və çoxşaxəli şəkildə davam etdirilir. Azərbaycanda I Avropa Oyunları keçirildi. Hər dəfə keçmiş dövlət başçıları, siyasət, mədəniyyət, incəsənət xadimləri ölkəmizə gəlir burada yaradılan şəraiti görürlər. İlk Avropa Oyunlarında bir milyarddan artıq insan televiziya vasitəsilə Azərbaycanı izlədi. Ümumilikdə götürdükdə Azərbaycan bu gün regionda bir təhlükəsizlik, stabillik adasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə