Baş nazirin müavini: “Zəlzələnin fəsadları aradan qaldırılacaq"
"Şəkidən 29 kilometr məsafədə yerləşən qəsəbədə baş verən 7 bal gücündə zəlzələ ciddi dağıntılara səbəb olub. Həmin qəsəbədə 90-a yaxın ailə yaşayır və 90 ev var. Uşaq bağçası, qəsəbə bələdiyyəsi ilə icra nümayəndəsinin yerləşdiyi bina və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb". SİA-nın məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.
A. Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib: "Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub. Prezident İlham Əliyevin tapşırığı əsasında ilkin araşdırmalara başlanılır və hələlik araşdırmalar davam edir. Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Mütəxəssislər tərəfindən iş gedir və hökumət tərəfindən lazım olan işlər həyata keçiriləcək. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur".
Baş nazirin müavini "Sovetski"dəki evlərin sökülməsi məsələsinə də aydınlıq gətirib: "Sovetski"nin köçürülməsi asan məsələ deyil. Tutaq ki, 100 il əvvəl kimsə ev tikib, sənədlər 50 kvadrat metr üçündür. Ancaq sonradan orada əlavə yardımçı binalar tikib. Bakıda bu gün maksimum 1 kvadrat metr üçün 1500 manat kompensasiya ödənilir. Amma hamımız bilirik ki, "Sovetski" məhəlləsində evlər nə durumdadır. Əslində vəsait evin vəziyyətinə görə verilməlidir, ancaq tapşırıq verilmişdi ki, evin vəziyyətindən asılı olmayaraq 1 kvadrat metr üçün 1500 manat, yəni maksimum qiymət qoyulsun".
O, "Sovetski"nin bəzi ərazilərinin müxtəlif problemlər səbəbindən hələ də tam boşalmadığını qeyd edib: "Ona görə də abadlıq işlərinə başlanılmır. Düşünürəm ki, ilin sonuna qədər "Sovetski"nin bir hissəsində abadlıq işlərinə başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB