Regional Kinoloji Təlim Mərkəzinin rəsmi açılışı olub YENİLƏNİB

Regional Kinoloji Təlim Mərkəzinin rəsmi açılışı olub YENİLƏNİB

Sentyabrın 8-dən 10-dək Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransı keçiriləcək. SİA-nın məlumatına görə, konfrans iştirakçıları bu gün Fəxri Xiyabanda Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.

İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Almaniya Federativ Respublikasının Münster Universitetinin Gömrük və Aksiz Departamenti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb. Memorandumu Azərbayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya imzalayıblar. İmzalanan sənədlə İtlərin səkkizinci Beynəlxalq statuslu Təlim Mərkəzi yaradılacaq.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, DGK-nın İtlərin təlim mərkəzinə beynəlxalq status veriləcək. Azərbaycan ilk və yeganə ölkə olacaq ki, regionda təlim mərkəzi statusu ilə fəaliyyət göstərəcək: "Sabah Bakıda PİKARD konfransı öz işinə başlayacaq. Builki yubiley konfransında 40-dan artıq ölkədən olan nümayəndələr iştirak edəcək. 200-dən çox nümayəndə qeydiyyatdan keçib".

Aydın Əliyev ötən ildən etibarən Azərbayanda Gömrük Akademiyasına tələbə qəbuluna başlanıldığını da vurğulayıb. O, bu ildən etibarən isə tələbə şəhərciyinin inşa ediləcəyini açıqlayıb: "Burada hazırlanan kadrlar ümumilikdə gömrük sistemi üçün faydalı olacaq. Hazırda Azərbaycan gömrüyü qarşısında böyük məsuliyyət durur. İşimizin əsasını büdcə ödənişlərini vaxtında yerinə yetirmək və ölkənin təhlükəsizliyini qorumaq təşkil edir".

Kinoloji mərkəz barədə məlumat verən Aydın Əliyev Azərbayanda təlim keçmiş itlərin Türkiyə, Makedoniya, Kongo, Toqo, Gürüstan və digər ölkələrə hədiyyə edildiyini deyib: "Bu gün Toqo gömrük nümayəndələrinin xahişi ilə 2 təlim keçmiş it onlara hədiyyə ediləcək".

Sonra Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Kinoloji Təlim Mərkəzinin rəsmi açılış mərasimi keçirilib və MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə V yarışına start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə