ABŞ jurnalisti Azərbaycan hökumətinə müraciət etdi

Pulitzer mükafatının qalibi, jurnalist, "National Geographic" jurnalının əməkdaşı, ABŞ vətəndaşı Paul Salopek Azərbaycan hökumətinə məktubla müraciət edərək, adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasını xahiş edib. Bu barədə SİA-ya XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, məktubunda P.Salopek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.

Səfərlər əlaqədar təəssüfünü ifadə edərək, Paul Salopek Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib.

İşğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Paul Salopek gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

H.Hacıyev bildirib ki, Paul Salopekin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına və qədim insanların hərəkət marşrutunun piyada səfərlə öyrənilməsinə xidmət edən "Out of Eden Walk" layihəsi çərçivəsində Azərbaycana səfərinə icazə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə