"KTMT-nın fəaliyyəti Ermənistanın hüquqlarını qorumağa hesablanıb" MÜNASİBƏT

"KTMT-nın fəaliyyəti Ermənistanın hüquqlarını qorumağa hesablanıb" MÜNASİBƏT

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövcud olduğu dövrdən özlərinə məxsus bütün qoşun növlərinin təlimlərini keçirir, müxtəlif qruplaşmalar yaradırlar. İndi də yeni layihə ilə gündəmə gəliblər. Birgə aviasiya qüvvələrinin yaradılmasının Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana zərərli təsirinin olacağını düşünürəm". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Elman Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, kollektiv aviasiya qüvvələrinin yaradılması heç də məqsədəuyğun deyil: "Əgər BMT-nin Nizamnaməsinə nəzər yetirilsə, beynəlxalq hüququn prinsiplərinə hörmət edilsə o zaman bu təşkilatın Dağlıq Qarabağ məsələsinə qarışmağa haqları yoxdur. Bu nəzəri cəhətdən belə olsa da, reallıqda belə deyil. Azərbaycanın 20 faiz torpaqlarının kimlərin tərəfindən işğal olunduğu bütün dünyaya məlumdur. Sözügedən təşkilata daxil olan dövlətlər ki, var onlar sıradan dövlət kimi fəaliyyət göstərirlər. Əsasən mərkəzdə duranın kimliyi məlumdur. Digərləri də özlərini bir növ qorumaq üçün onun ətrafına yığışıblar".

Elman Məmmədov həmçinin onu da qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvə və vasitələrinin daşınmasını təmin edəcək kollektiv aviasiya qüvvələrinin yaradılması və həmin hava qüvvələrinin bu və ya digər münaqişə regionlarına göndərilməsini təmin etmək təklifi istənilən halda bizim ziyanımıza atılan addımdır: "Həmin təşkilatın baş katibi dəfələrlə bildirib ki, "Bizim Dağlıq Qarabağda gedən proseslərə qarışmağa haqqımız yoxdur. Ancaq Ermənistana qarşı hər hansı bir təhlükə olarsa, biz Ermənistanın təhlükəsizliyini qorumalıyıq". Ona görə ermənilər Dağlıq Qarabağda bir balaca gərginlik yaranan kimi anında Rusiyaya xəbər verir ki, Azərbaycan Ermənistan ərazisinə atəş açır. Bu erməni hiyləsidir. Bütün bunları nəzərə alaraq deyirəm ki, bu təşkilatın həyata keçirdiyi bütün fəaliyyətləri Ermənistanın hüquqlarını qorumağa hesablanıb".

Qeyd edək ki, KTMT qüvvə və vasitələrinin daşınmasını təmin edəcək kollektiv aviasiya qüvvələrinin yaradılması istiqamətində təkliflər hazırlayıblar. Hərbi təşkilatın rəsmisi Valeri Semerikov bəyan edib ki, həmin hava qüvvələri bu və ya digər münaqişə regionlarına qoşun göndərilməsini təmin etmək üçün yaradılır: "Bu və ya digər münaqişə bölgələrinə KTMT-nın qüvvə və vasitələrini operativ şəkildə çatdırmaq üçün belə bir şey yaradılır". Valeri Semerikov münaqişə regonları deyərkən, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemini də nəzərdə tutub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə