Noyabr ayında Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Hacıqabul rayon şöbəsi artıq seçki hazırlıqlarına başlayıb. Bu barədə qəzetimizə məlumat verən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirovun sözlərinə görə, avqustun 20-də YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Şirvan şəhərində YAP Mərkəzi Seçki Qərargahının Mil-Muğan bölgəsi üzrə keçirilən müşavirəsindən sonra partiya fəalları seçki hazırlıqlarına yüksək əhval-ruhiyyədə başlayıblar. Xüsusən cənab Əli Əhmədovun müşavirədəki çıxışı, o cümlədən seçki hazırlıqları ilə bağlı tövsiyə və tapşırıqları onların fəaliyyətinin əsas xəttini təşkil edir.
Hafis Bəşirov bildirdi ki, YAP Mərkəzi Seçki Qərargahının Hacıqabul rayon şöbəsi ötən gün keçirdiyi iclasda qarşıda duran vəzifələri müzakirə edib. Eyni zamanda, 10 nəfərdən ibarət imzatoplayan qrup təşkil edilib və onlarla ilkin söhbətlər aparılıb.
H.Bəşirov iclasda qeyd edib ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə rəğmən YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər.
H. Bəşirov, həmçinin qeyd edib ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qaldığını bildirən təşkilat sədri YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb: "Seçki şöbəsinin üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində də sizin hər biriniz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, seçki kampaniyasının səmərəli təşkil olunub həyata keçirilməsi uğurlu nəticələrin əldə olmasında mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu baxımdan partiyamızın fəalları öz üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gələ biləcəklər".
Daha sonra iclasda YAP Mərkəzi Seçki Qərargahının Hacıqabul rayon şöbəsinin üzvlərinin seçkilərə hazırlıqla bağlı təklif və fikirləri dinlənilib.
Qeyd edək ki, Hacıqabul rayonunda 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin tərkibində 40 seçki məntəqəsi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB