YAP MSQ-nın İmişli rayon şöbəsi seçki hazırlıqlarına start verdi
Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsi tam gücü ilə seçki hazırlıqlarına başlayıb. Artıq ötən gün Mərkəzi Seçki Qəragahının İmişli rayon şöbəsinin ilk iclası keçirilib. Bu barədə "İki sahil" qəzetinə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev məlumat verib. Onun sözlərinə görə, avqustun 20-də YAP Mərkəzi Seçki Qərargahının Mil-Muğan bölgəsi üzrə Şirvan şəhərində keçirilən müşavirəsi onlar üçün yeni fəaliyyət istiqamətləri müəyyənləşdirib. Xüsusən partiya fəalları üçün YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun seçki hazırlıqları ilə bağlı tövsiyə və tapşırıqları onların fəaliyyətinin əsas xəttini təşkil edir. Cənab Əli Əhmədovun müşavirədəki çıxışında qeyd edildiyi kimi, YAP-ın parlament seçkilərində yenidən uğur qazanması üçün bir çox səbəblər mövcuddur. Xüsusən ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin xarici və daxili siyasətinin uğurları, iqtisadiyyatımızın davamlı inkişafı, əhalinin rifah halının yüksəlməsi, sabitlik, əmin-amanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçkilərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaqdır.
YAP-ın zəngin seçki təcrübəsinin olduğunu bildirən S.Ağayev qeyd edib ki, partiyanın rayon təşkilatı parlament seçkilərinə hazırlıq məsələlərini xüsusi diqqət mərkəzində saxlayır. Bununla belə, bu istiqamətdə daim müasir seçki texnologiyaları öyrənilir və istifadə olunur. Eyni zamanda, seçki orqanlarında çalışan və bu prosesdə fəallıq göstərən digər partiya üzvlərinin seçki biliklərini artırmaq məqsədilə seminarların keçirilməsi də nəzərdə tutulub.
Təşkilat sədri vurğulayıb ki, biz ötən seçkilərdə də səmərəli seçki texnologiyalarından istifadə etməklə müsbət nəticələr qazanmışıq: "Ona görə də partiyamızın fəalları bu seminarlar vasitəsilə seçki biliklərini və təcrübələrini daha da artırmalıdırlar. Biz həmişə çalışırıq ki, qanunvericiliyə uyğun olaraq seçki kampaniyasına rəsmi start verildikdən sonra bütün prosedur qaydalarına əməl edək. Namizədlərin irəli sürülməsi, onların xeyrinə imzaların toplanması, seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin müəyyənləşməsi, təbliğat qruplarının yaradılması və s. məsələlər qarşımızda duran əsas vəzifələrdir".
S.Ağayev bildirib ki, qarşıda duran vəzifələr üç mərhələyə bölünmüşdür. Artıq birinci mərhələdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməkdədir. Çalışmalıyıq ki, bu vəzifələrin öhdəsindən layiqincə gələk. Ona görə də seçkilərə rəsmi start verilənə qədər üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Daha sonra isə seçki dövründə qanunvericiliyə uyğun olaraq YAP-ın namizədlərinin qalib gəlməsi üçün bütün addımlar atılacaqdır.
YAP Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsinin iclasında parlament seçkiləri ilə bağlı geniş fikir mübadiləsi də aparılmaqla təklif və tövsiyələr dinlənilib.
Qeyd edək ki, İmişli rayonunda 79 və 80 saylı seçki dairələri üzrə 73 seçki məntəqəsi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB