Gənclər parlament seçkilərində də yüksək fəallıq nümayiş etdirmək əzmindədirlər

YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində seçkilərdə aparıcı qüvvə olan mobil qrupların üzvləri ilə toplantılara start verilib
Gənclər parlament seçkilərində də yüksək fəallıq nümayiş etdirmək əzmindədirlər

Sədaqət Vəliyeva: "Düşünürəm ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və rayonumuzda seçkilərin şəffaf, demokratik və yüksək seçici aktivliyi şəraitində baş tutmasına öz töhfələrini verəcəklər"

Toplantıda çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan dövlətinin gənclər siyasətindən və cəmiyyətimizin avanqard qüvvəsinə olan qayğıdan söz açıb: "Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün yaradılmış ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".

Sədaqət Vəliyeva bildirib ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: "Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının, xüsusilə də gənclərin sayının artmasına səbəb olub".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, hazırda YAP Nizami rayon təşkilatının 11254 nəfər üzvü var, onlardan 5511 nəfərini gənclər təşkil edir: "Düşünürəm ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və rayonumuzda seçkilərin şəffaf, demokratik və yüksək seçici aktivliyi şəraitində baş tutmasına öz töhfələrini verəcəklər".

Sonra mobil qrup üzvlərinə seçki müddətində işləyəcəkləri konkret ərazilərin xüsusiyyətləri, seçici kontingenti və yerli əhəmiyyətli fəaliyyət istiqamətlərini izah edən YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədr müavini Ramil Vəlibəyov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən

avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir.

Qeyd edilib ki, YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eyni zamanda, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri əsas təbliğat resurslarımız kimi çıxış edir. Bununla yanaşı, mobil qrup üzvləri seçicilərlə daim ünsiyyətdə olmalı, onları seçki prosesi ilə əlaqədar bütün məsələlərlə bağlı qanun çərçivəsində məlumatlandırmalıdır.

Məlumat verilib ki, YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi Mərkəzi Seçki Qərargahının tövsiyələrinə uyğun olaraq, ilk partiya təşkilatlarının fəaliyyət dairəsini məntəqələrin əhatə etdiyi ərazi ilə uyğunlaşdırıb. Həmçinin seçicilərlə işin yüksək səviyyədə təşkil edilməsi üçün əlavə hər birində 10-15 nəfər olmaqla ümumilikdə 100-dən çox partiya fəalını əhatə edən 8 mobil qrup yaradılıb. Həmçinin hər məntəqə üzrə seçki işində səriştəsi olan 2-4 nəfər gənc fəal müəyyənləşdirilib.

Daha sonra seçkilərlə əlaqədar işlərin sistemli və dəqiq aparılması üçün fikir mübadiləsi aparılıb, gənclərin təklifləri dinlənilib və müvafiq qərarlar verilib. Fikirlərini "İki sahil" qəzetinə bildirən Nizami rayon gəncləri Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığı bildirilib.

Tural İsgəndərov bildirib ki, biz gənclərin borcu vətənə, dövlətə xidmət etməkdir: "Çox yaxşı başa düşürük ki, seçki prosesində işlərin böyük hissəsi biz gənclərin üzərindədir. Bu səbəbdən də çalışırıq ki, bizə göstərilən etimadı doğruldaq".

"Bütün seçki proseslərində Nizami rayon gəncləri yüksək aktivlik nümayiş etdirib və bu dəfə də eyni fəallıq olacaq" deyən Musa Vəkilov isə qeyd edib ki, partiya rəhbərliyinin verdiyi bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək.

Samir Əhmədov da vurğulayıb ki, cəmiyyətin aparıcı qüvvəsi olan gənclər onlara göstərilən dövlət qayğısını qiymətləndirməli və seçki prosesində bütün potensialını ortaya qoymalıdır: "Bu görüşdə bizə bir daha seçicilərlə ünsiyyət qurmağın formaları, müasir seçki texnologiyasının metod və metodologiyası izah edildi. Düşünürəm ki, biz gənclər üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik".

Digər gənclərdən İlqar Həmzəyev, Ramil Rüstəmov, Mahir Ramazanov və başqaları Yeni Azərbaycan Partiyasının, onun Sədri, Prezident İlham Əliyevin xalq arasındakı yüksək nüfuzunu dilə gətirməklə bir daha bildiriblər ki, qarşıdan gələn parlament seçkilərində də YAP tərəfindən irəli sürüləcək namizədlərin qələbəsi üçün əzmlə çalışacaqlar.

Qeyd edək ki, YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində keçirilən mobil qrupların üzvləri ilə toplantılar avqust ayının 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə