Zeynal Nağdəliyev: “Sınaqdan alnıaçıq çıxmalıyıq" AÇIQLAMA

Zeynal Nağdəliyev: “Sınaqdan alnıaçıq çıxmalıyıq" AÇIQLAMA
"Prezident İlham Əliyevin tapşırığına əsasən seçkilərdə şəffaflıq təmin edilməlidir. Ölkə başçısının istəyi yalnız bundan ibarətdir". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Zeynal Nağdəliyev qeyd edib ki, seçkilərdə şəffaflığın təmin edilməsi üçün seçki komissiyalarına hər cür şərait yaradılıb: "Həmçinin insanların sərbəst şəkildə səs vermələri üçün bütün tədbirlər görülüb. Amma əlavə zəruri tədbirlərin də həyata keçirilməsinə artıq başlanılıb".

Z. Nağdəliyev həmçinin onu da deyib ki, Prezident ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara bərabər şəraitin yaradılmasına görə də tapşırıqlarını verib: "Artıq 125 dairənin hər birində bunun üçün açıq və qapalı yerlər müəyyən olunub ki, təşviqat dövrünə yaxın bir tarixdə bu elan ediləcək. Bundan başqa təşviqat lövhələri ilə bağlı da monitorinqlər keçirilib. Tarixi abidələrin üzərində təşviqat materiallarının yerləşdirilməsinin qarşısı alınıb. Sıradan çıxmış lövhələrin isə bərpası nəzərdə tutulub. Seçki siyahılarının tərtib edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanları ilə seçki komissiyaları birgə titanik işlər həyata keçirib. Bu gün də bu işlər davam etdirilir. Bunu dayandırmaq olmaz. Bu məsələ üçün DSK-lara bütün lazımi yardımlar göstəriləcək. Seçki məntəqələrində artıq min ədəd veb-kameralar quraşdırılıb. Ünvanların dəqiqləşdirilməsi ilə əlaqədar bina və evlərin üzərində 15 mindən artıq nömrə quraşdırılıb".

Prezident Adminstrasiyasının rəsmisi həmçinin onu da əlavə edib ki, seçkilərlə bağlı dairə seçki komissiyalarının sədrlərinin böyük təcrübəsi var: "Amma onlar arxayın olmamalıdırlar. Çünki parlament seçkiləri şəffaf, demokratik şəraitdə keçirilməlidir. Bu bir sınaqdır və biz sınaqdan alnıaçıq çıxmalıyıq. Bu sahədə zərrə qədər nöqsan aşkarlansa, o zaman ölkənin imicinə ciddi xələl gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə