YAP Mərkəzi Seçki Qərargahı Lənkəranda zona müşavirəsi keçirib

Əli Əhmədov: "Parlament seçkilərində xalqın inamını, etimadını qazanmış Yeni Azərbaycan Partiyası parlaq qələbə qazanacaq"
YAP Mərkəzi Seçki Qərargahı Lənkəranda zona müşavirəsi keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının (MSQ) Cənub bölgəsi üzrə rayon şöbələrinin növbəti parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar zona müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin Komitə sədri, partiyanın Siyasi Şurasının üzvü Hadi Rəcəbli və Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayon şöbələrinin üzvləri iştirak ediblər.

Müşavirədə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edərək noyabr ayında ölkəmizdə Milli Məclisə keçiriləcək növbəti seçkilərə partiyanın ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb: "Artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Seçki Qərargahında partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. Yeni Azərbaycan Partiyası hər bir seçkidə ortaya yeni texnologiya qoymağa çalışır ki, seçkilər daha şəffaf, ədalətli və demokratik keçirilsin. Azad və ədalətli şəkildə keçiriləcək parlament seçkilərində xalqın inamını, etimadını qazanmış Yeni Azərbaycan Partiyası parlaq qələbə qazanacaq".

YAP-ın uğurlarını və qələbələrinin təməl daşını xalq sevgisi təşkil etdiyini bildirən Əli Əhmədov ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü qlobal miqyaslı işlərin xalqın partiyaya olan inamını daha da artırdığını söyləyib: "Seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qalıb. Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. Bu resursundan, yəni insani potensialından hər zaman səmərəli istifadə edilib. Qələbələrimizin əldə olunmasında partiyamızın üzvlərinin fəallığı, əzmkarlığı mühüm rol oynayır".Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisat olduğunu bildirdi: "Ümumxalq partiyası ifadəsini YAP-ın timsalında təsadüfən seçilməyib. Konkret faktlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə xüsusi təkan verən elit institutdur. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fəallarını birləşdirməsi, üzvlərinin sayının 650 min nəfəri ötməsi, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. Kəmiyyət və keyyfiyyət başımından Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan YAP noyabr ayında keçiriləcək parlament seçkilərində parlaq qələbə qazanmaqla növbəti dəfə Azərbaycan tarixinə yazmış olacaq".

Müşavirədə YAP-ın şəhər və rayon təşkilatının sədrləri çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülmüş işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinin icrası vəziyyəti haqqında ətraflı məlumat veriblər.

Sonda müşavirəyə yekun vuran Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə