YAP Pirallahı rayon təşkilatında seçkilərə hazırlıq müzakirə olunub

YAP Pirallahı rayon təşkilatında seçkilərə hazırlıq müzakirə olunub

Pirallahı rayonu yeni yaranmasına baxmayaraq özünəməxsusluğu ilə seçilir. Az müddətdə rayonda aparılan tikinti, abadlıq, quruculuq işləri dənizə "əl uzadan" adanın görkəmini müasirləşdirib, gözəlləşdirib. Respublikada həyata keçirilən genişmiqyaslı iqtisadi, sosial, mədəni islahatların tətbiq olunduğu Pirallahının sakinləri dinamik inkişafı gündəlik həyatlarında hiss etməklə Azərbaycanı dünyada tanıdan, inkişaf etmiş ölkələr səviyyəsinə çatdıran Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə dövlətimizin başçısının ətrafında daha sıx birləşirlər. Bu həmrəylik siyasi kampaniyalarda daha da güclənir. Prezident, bələdiyyə seçkilərində yekdilliklə iqtidar partiyasının namizədlərinə etimad göstərən rayon sakinləri qarşıdan gələn parlament seçkilərində də Azərbaycanı dünya ölkələri arasında fərqləndirən, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəldən siyasətə səs verəcəklərini, əqidə və seçimlərinə sadiq qalacaqlarını bildirirlər. 4433 nəfər üzvü olan Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında parlament seçkilərinə ilkin hazırlıq işlərinin mütəşəkkilliklə davam etməsi bu inamı təsdiqləyir.

SİA-nın xəbərinə görə, parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Manaf Manafov hazırlıq işləri barədə açıqlama verib. Bildirib ki, rayon sakinləri bu siyasi kampaniyanı yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: "Ölkəmizdə daim yeniləşən, demokratik inkişafın bariz nümunəsi olan daha bir seçki kampaniyasının mühüm mərhələsi fəallarımızın mütəşəkkilliyi ilə davam etməkdədir. Seçkilərin əhəmiyyəti barədə YAP Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvləri ilə keçirilən görüşdə ətraflı məlumat verən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun bildirdiyi kimi, hər bir ölkənin həyatında mühüm hadisə olan siyasi kampaniyaların uğuru seçkilərə hazırlıqdan bilavasitə asılı olsa da nəticə xalqın ümumi rəyi əsasında bəlli olur. Milyonların partiyası olan YAP bu etimadı xalqın arzularına əsaslanan əməli işi ilə qazanıb. İnsanlar ölkədə demokratiyanın inkişafını, seçkilərin azad, sərbəst, şəffaf şəraitdə keçməsini hamıdan artıq istəyən Prezident İlham Əliyevin davam etdirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir, dövlət başçısının imzaladığı seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı sərəncamları demokratiyanın inkişafı yolunda önəmli addım kimi təqdir edir. Ölkənin bütün bölgələrini əhatə edən, dövlət başçısının tövsiyələri və rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi, demokratik islahatlar cənab İlham Əliyevə inam və etimadı daha da artırır. Eyni sədaqət və həmrəylik Prezident İlham Əliyevin Sədri olduğu YAP-a münasibətdə də hiss olunur. Buna görə də parlament seçkilərinə 650 mindən çox üzvü olan partiyamız qələbə əzmi ilə hazırlaşır."

Bildirilib ki, noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin 11 nəfərdən ibarət üzvü ilk günlərdən fəaliyyətə başlayıb. 7 nəfər partiya fəalı isə imzatoplama mərhələsində iştirak edəcək. Əsas məqsəd hazırlıq işlərinin demokratiyanın tələblərinə və insanların istək və arzularına müvafiq təşkil olunmasıdır. Bu inam üzvlərin ürək sözlərində də ifadəsini tapır.

Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov: "Siyasi kampaniyaların mənim həyatımda özgə önəmi olsa da, müstəqillik qazandıqdan sonra ümumxalq rəyi əsasında keçirilən seçkilərdə demokratik islahatların tətbiqi ilə daha böyük nailiyyətlərin şahidi olmuşam. Hər dövrün partiyası kimi nüfuz qazanan və parlament seçkilərinə vahid siyasi qüvvə kimi hazırlaşan YAP-ın seçkilərdə daha çox uğur qazanacağına inam çoxdur. YAP-a rəğbətin artması bu partiyanın xalqla bir olub, fəaliyyətini milyonların istək və arzularına müvafiq qurmasıdır. Elə bu baxımdan da sıraları gündən-günə artan və möhkəmlənən YAP-ın bu seçkilərdə qələbə əzmi mütləqdir.

YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Əli Kərimov: "Pirallahının sakini kimi rayonumuzda aparılan tikinti, quruculuq işlərinin şahidiyəm. Təmsil olunduğum partiyanın bir əsgəri kimi onun yaradıcısı, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalan, Prezident İlham Əliyevin davam etdirdiyi bu kursa layiq olmaq üçün bir vətəndaş olaraq məsuliyyətimi dərindən dərk edirəm. YAP-ın ətrafında birləşənlərin sayının artması, keyfiyyət və kəmiyyətcə yeniləşməsi partiyanın Sədri, Prezident İlham Əliyevin davam etdirdiyi siyasətə inamdan irəli gəlir".

"Abşeronneft" Neft-Qazçıxarma İdarəsinin şöbə müdiri Şamil Kazımov: " Daim xalqla bir olan partiyamız cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin önündə addımlayır. Partiyamızın xalqla birliyinin nəticəsi kimi iqtisadiyyatımızın qüdrətlənməsini, ölkə əhalisinin həyat tərzinin gündən-günə yaxşılaşmasını, dövlət quruculuğu sisteminin dünya təcrübəsinə uyğunlaşdırılmasını nümunə kimi göstərmək olar. Bu gün hamını heyrətləndirən, dünyanın enerji xəritəsini yeni keyfiyyət və istiqamət üzrə dəyişən Azərbaycanın neft strategiyası ölkəmizin beynəlxalq nüfuzunu artırır. Sevinirəm ki, bu uğurda mənim də az da olsa, payım var. Partiyamızın keçdiyi çətin yol onun üzvlərinin mətinliyini, qələbəyə inamını artırır. Parlament seçkilərində də YAP-ın əvvəlki qələbələrini təkrarlayacağına inanırıq.

YAP Pirallahı rayon təşkilatının aparat rəhbəri Emin İlyasov: "YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun partiyanın Gənclər Birliyinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, seçici kimi də böyük elektorat olan gənclər seçkilərə hazırlıqda fərqlənməlidirlər. Təcrübə də göstərir ki, bütün siyasi kampaniyalarda böyük potensiala malik gənclər hazırlığın bütün mərhələlərində partiyaya sədaqətlərini əməli işləri ilə sübut edirlər. Biz gənclər olaraq bu il də fəallığımızı artıracaq, ən müasir seçki texnologiyalarından, sosial şəbəkələrdən istifadə etməklə ölkə həyatında, respublikanın siyasi, iqtisadi, sosial, mədəni inkişafında aparıcı rolu olan Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsi naminə gənclərin qüvvəsindən səmərəli istifadə edəcəyik. Ən layiqlilərin qələbə qazanması naminə qüvvələrimizi səfərbər edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə