Mübariz Əhmədoğlu: “İran erməniləri məyus etdi” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “İran erməniləri məyus etdi” AÇIQLAMA

"Bu gün Ermənistanın dövlət borcu ümumdaxili məhsulun 51 faizinə bərabərdir. Toplam xarici borc faizinə gəldikdə isə, bu ÜDM-nin 80 faizini keçir". SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasındakı münasibətlərin getdikcə inkişaf etməsi erməniləri narahat edir: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması isə Ermənistanı məhv edir. Ermənistana 80-ci illərin sonunda qoyulan investisiya tamamilə batıb. Ölkə dünya erməniliyinin arzularının qəbrinə çevrilib. Bu gün Ermənistanın dünyada müttəfiqi yoxdur. Yaxın zamanlara qədər İran müttəfiq idi, o da hazırda Ermənistandan uzaqlaşır. Azərbaycanlala İran arasında artıq viza məsələsinin ortadan qaldırılması və iki ölkə arasındakı ciddi yaxınlaşma erməniləri ciddi şəkildə narahat edir. ATƏT-in amerikalı həmsdəri Ceyms Uorlikin Dağlıq Qarabağla bağlı fikirləri, Donald Tuskun ölkəmizdəki çıxışı 27 ildəki əldə etdiyimiz nailiyyətləri göstərir".

Mübariz Əhmədoğlu onu da qeyd etdi ki, bu gün Ermənistanın əhali potensialı onların beynəlxalq layihələrə qoşulmasına imkan vermir. "Baxmayaraq ki, bu gün Ermənistana qarşı bir çox beynəlxalq qurumlar dəstək etmək fikrindədir. Lakin Ermənistan Rusiyadan uzaqlaşaraq Avropaya yaxınlaşarsa, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllindən bir o qədər uzaq olacaq".

Politoloq, İran- Azərbaycan arasında olan əməkdaşlıqdan da danışıb. O deyib ki, bu gün Azərbaycan İranla enerji və digər sahələrdə müttəfiqdir: "İranla Azərbaycan arasında əldə olunan razılıqdan sonra Ordubad və Marazat su elektrik stansiyalarının tikilməsi və Ermənistanın daha öncə İrana təklif etdiyi elektrik stansiyasının tikintisinin cavabsız qalması erməniləri bir daha məyus etdi. İranla Azərbaycan neft-qaz nəqlində də müttəfiqdirlər. Ermənistanın bu gün belə bir potensialı yoxdur. Onlar dərk etməlidir ki, real politik və iqtisadi baxımdan Azərbaycan İrana daha çox lazımlıdır, nəinki Ermənistan. Həmçinin, Azərbaycan artıq inam baxımından da öz sözünü deyə bilib. Ermənistanla bir neçə layihələr hazırlandı, lakin kiçik təzyiqlər olduqdan sonra onlar bu layihələrdən geri çəkilmək məcburiyyətində qaldılar. Lakin Azərbaycan belə təzyiqlər zamanı heç vaxt geri addım atmayıb. Ermənilər hər zaman araqarışdıran olublar. Bu gün də bu peşələrini davam etdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə