Elman Nəsirli: “Beynəlxalq terrorizmlə hər zaman mübarizə aparmaq lazımdır” MÜNASİBƏT

Elman Nəsirli: “Beynəlxalq terrorizmlə hər zaman mübarizə aparmaq lazımdır” MÜNASİBƏT
"Türkiyədə baş verən hadisələr, Türkiyənin eyni vaxtda iki cəbhədə - bir tərəfdən İraqın Şimalında PKK terror təşkilatı ilə mübarizə aparması, digər tərəfdən isə Suriyanın Şimalında İŞID terror təşkilat ilə müharibə vəziyyətində olması onu göstərir ki, Türkiyə ətrafında vəziyyət kifayət qədər mürəkkəbdir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli Türkiyədə baş verən proseslərə münasibətini bildirərkən deyib.

Politoloq qeyd edib ki, bu məsələ ilə bağlı NATO-nun Brüseldə keçirilən toplantısında Türkiyəyə lazımi dəstək verilmədi: "Düzdür sözdə dəstək verilsə də, Türkiyənin Suriya ilə sərhəddində təhlükəsizlik zolağının yaradılması təklifi qəbul edilmədi. Bunu da onunla əsaslandırdılar ki, NATO çərçivəsində Türkiyə kifayət qədər güclü dövlətdir və ona siyasi dəstək verilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün bir çox hallarda NATO ölkələrinin öz daxillərində belə öz nizamnamələrinin 4-cü və 5-ci maddələrinin münasibətində ikili standartlar var. Yəni, bir halda bir mövqedən, digər halda digər mövqedən çıxış edirlər. Məsələn Türkiyənin fonunda biz bunun şahidi olduq. İndiki halda Türkiyədə baş verən hadisələr onu göstərdi ki, heç bir dövlət terrorizmdən sığortalanmayıb. Hansı dövlət hesab edir ki, hadisələr bu gün Türkiyədə baş verir və Türkiyə beynəlxalq terror təşkilatları ilə üz-üzə dayanıb həmin dövlət yanılır. İstənilən an onun da qapısını terrorçu qüvvələr döyə bilər. Ona görə də qardaş ölkənin beynəlxalq terrorizmə qarşı apardığı müharibəyə sivil dünya dəstək verməlidir. Nəzərə alsaq ki, 1999-cu ildə ABŞ PKK-nı terror təşkilatı kimi tanıyıb o zaman belə olan vəziyyətdə Türkiyənin yanında olub bu cür terror təşkilatlarına qarşı mübarizə aparılmalıdır".

Elman Nəsirli onu da qeyd edib ki, bu hadisələr Azərbaycanda diqqətlə izlənilməkdədir: "Region çox yaxındır. Azərbaycan İran vasitəsilə Yaxın, Orta Şərq regionu ilə qonşudur. Eyni zamanda Türkiyə də bizim üçün strateji tərəfdaşdır, qonşu dövlətdir. Bu dövlətdə baş verən hadisələri biz narahatlıqla qarşılayırıq. Azərbaycan öz imkanları və potensialı daxilində hər zaman Türkiyənin yanındadır. Bizim üçün bu məsələ olduqca aydın məsələdir. Çünki Azərbaycan Ermənistanın dövlət terrorizminin timsalında beynəlxalq terrorizminin nə olduğunu çox yaxşı dərk edir. Ona görə də biz də beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak etmişik və bu gün də Türkiyə məsələsinə çox üzülürük. Hesab edirəm ki, əslində orada baş verən hadisələr bu nəinki region üçün, hətta bütün dünya üçün ciddi fəsadlara gətirib çıxara bilər. Yaxşı və pis terrorçu bölgüsü aparmadan, hər zaman və hər yerdə prinsipi ilə beynəlxalq terrorizmlə mübarizə aparmaq lazımdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə