Almaniyada qanlı iğtişaş 3 ölü, 1 yaralı

Almaniyada qanlı iğtişaş 3 ölü, 1 yaralı

Şərqi Almaniyanın Fraytal şəhərində ultra-sağçıların irqi zəmində keçirdikləri iğtişaş qansız ötüşməyib. SİA bu ölkənin mətbuatına istinadən xəbər verir ki, mühacirlərin qovulması tələbi ilə keçirilən yürüş sonradan kütləvi iğtişaşa çevrilib və qarşıdurmalar nəticəsində 1 nəfər ağır yaralanmaqla, 3 nəfər həlak olub.

Qeyd edək ki, Almaniya Milliyyətçi-Demokrat partiyasının rəhbərliyi ilə 200 nəfərin iştirak etdiyi etiraza 350 nəfərdən ibarət anti-milliyyətçi qatılıb. Hüquq mühafizə orqanları bir-birinə qarşı duran tərəfləri sakitləşdirməyə cəhd göstərsə də, bu cəhdlər uğursuz alınıb. Xatırladaq ki, hələ bir müddət öncə, ultra-sağçılar Suriyadan 800 nəfər qaçqının qəbul edilməsinə və həftə sonu da əlavə olaraq 500 nəfərin də qaçqın ordusuna əlavə edilməsinə qarşı Almaniya hökumətinə xəbərdarlıq etmişdi.

Bu arada Almaniyanın daxili işlər nazirinin müavini Mixael Vilhelm qanlı olaydan xəcalət çəkdiklərini bildirib. Sağ ekstremist qüvvələr isə iğtişaşları davam etdirəcəklərini bəyan ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə