Hikmət Babaoğlu: “Azərbaycan Aİ ilə yaxın tərəfdaş ölkələrdən biridir” AÇIQLAMA

Hikmət Babaoğlu: “Azərbaycan Aİ ilə yaxın tərəfdaş ölkələrdən biridir” AÇIQLAMA

"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi əlaqələrin səviyyəsinin göstəricisidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın müstəqil dövlət kimi xarici siyasətində əsas prioritetlərindən birini məhz Avropa İttifaqı ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi, eləcə də Azərbaycanda demokratiya, insan hüquqlarının inkişafı təşkil edirdi: "İlkin mərhələdə, Azərbaycan həm siyasi sferada, enerji təhlükəsizliyi məsələlərində, həm də insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın, söz azadlığının inkişaf etdirilməsi məsələlərində Avropa İttifaqı ilə yaxın tərəfdaş ölkələrdən biridir. Donald Tuskun ifadə etdiyi fikirlərdən də görünür ki, Azərbaycan bu istiqamətdə ciddi məsafə qət edib və Aİ ilə bundan sonrakı münasibətlərində də əsas prioritet kimi bu istiqamətlərə söykənəcək".

H.Babaoğlu əlavə edib ki, Aİ Şurasının prezidentinin Azərbaycana səfəri həm də ölkəmizdə olan bəzi marginal qruplar tərəfindən və erməni lobbisinin təsiri altında olan və onların tezisləri ilə hərəkət edən bəzi "beynəlxalq hüquq müdafiəçiləri təşkilatları" tərəfindən zaman-zaman Azərbaycanda insan hüquqları ilə bağlı guya ki, problemlərin olması ilə əlaqədar səsləndirilən fikirlərə bir cavab idi: "Səfər göstərdi ki, Azərbaycanda müasir insan hüquq və azadlıqlarına söykənən sistem mövcuddur, eləcə də insan hüquqları, söz və mətbuat azadlığı, demokratiya kimi qlobal dəyərlər ölkəmizdə bərqərar olub".

Bütün xəbərlər Facebook səhifəmizdə