Politoloq: “Uorlik qədər açıq ermənipərəst mövqedə dayanan həmsədr olmayıb” AÇIQLAMA

Politoloq: “Uorlik qədər açıq ermənipərəst mövqedə dayanan həmsədr olmayıb” AÇIQLAMA

"Amerikalı həmsədr C.Uorlikin rusiyalı və fransalı həmsədrləri ABŞ-a dəvət etməsi, onların ABŞ Dövlət Departamentində, Pentaqonda və kəşfiyyat strukturlarında yüksək səviyyəli görüşlərini təşkil etməsi həmsədrlik institutu yaranandan bəri ilk belə hadisədir". SİA-nın xəbərinə görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, Uorlikin məqsədi rusiyalı və fransalı həmkarlarını ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyi ilə daha yaxından tanış etmək idi: "Uorlikin bu addımından əvvəl ABŞ Dövlət Departamenti "2014-cü ildə dünyada insan hüquqlarının vəziyyətinə dair" ənənəvi illik hesabatını yaymışdı. Bu hesabatda Dağlıq Qarabağ münaqişəsinə dair eyni məzmunlu mətn yerləşdirilmişdi ki, Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonu Ermənistanın dəstək verdiyi separatçıların nəzarəti altındadır".

Mübariz Əhmədoğlu onu da deyib ki, ABŞ Dövlət katibi müavinin yardımçısı E.Rubin də son ildə ilk dəfə Dağlıq Qarabağ məsələsinə münasibət bildirib: "Uorlik ABŞ-da təşkil etdiyi görüşdən sonra özü Moskvaya yollandı və Rusiya Xarici İşlər Nazirinin müavini Q.Karasin və nazir S.Lavrovla görüşlər keçirdi. Qısa zaman kəsiyi ərzində həmsədrlərin hərəkətlərinin belə çoxluğu da ilk dəfədir. Həmsədrlik institutu dövründə Uorlik qədər açıq ermənipərəst mövqedə dayanan digər həmsədr olmayıb. Uorlik ABŞ diplomatları içərisində xüsusi ermənipərəstliyi ilə seçilən qrupdadır. Yenilənmiş Madrid Prinsiplərində birinci maddədə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulub. Uorlikin müəllifi olduğu "Amerikan variantında" isə əvvəlcə Dağlıq Qarabağ ermənilərinə status verilməsi, sonra isə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur.

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinin birgə iştirakı ilə həll olunması mövzusu S.Sarkisyana və E.Nalbandyana yaxşı tanışdır: "Bu vaxta qədər ATƏT-in MQ həmsədrləri ermənipərəstlikdən istifadə edərək, bu mövzunun üstündən yan keçə bilirdilər. Hər halda Uorlikin aktivliyi ABŞ hökumətinin siyasətidir. ABŞ hökumətinin Dağlıq Qarabağ məsələsində dəyişən siyasəti Qərbin digər strukturları tərəfindən də dəstəklənir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə