“Ermənistan Mehri dəmir yolunun açılmasına imkan vermir” AÇIQLAMA

“Ermənistan Mehri dəmir yolunun açılmasına imkan vermir” AÇIQLAMA

"Ermənilər Rusiyanın daxilində özlərinə inamı artırdıqca onların antirus əməlləri daha təsirli, daha da güclü olub. Vaxtilə Rusiya səfirinin öldürülməsi ilə bağlı başlanan erməni antirusiyaçılığı rusların ermənilərə olan inamını maksimal dərəcədə, SSRİ boyda imperiyanın dağılması ilə nəticələndi. Buna baxmayaraq, rusların ermənilərə qarşı münasibəti zərrə qədər dəyişmədi". SİA-nın məlumatına görə bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Rusiyada ermənilərə qarşı olan inam Rusiyanın ən böyük problemidir: "Qərb dairələri ermənilərin Rusiyanın daxilindəki rolundan uğurla istifadə edərək Rusiyaya qarşı siyasət aparırlar. Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı uzun müddətli təzyiqlər indi də bu siyasətin davam etdirildiyini deməyə zəmin yaradır. Amma ermənilər antirusiyaçılıq üçün ən azı formal da olsa bir bəhanə göstərə bilirlər. Bu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Ermənilər rusları Dağlıq Qarabağ məsələsində daha çox aldada bildikləri üçün onların antirus təxribatı da rus xalqına qarşı bir o qədər dərindən irəliləyə bilir. Dağlıq Qarabağ məsələsinin həll olunmamasından istifadə edərək ermənilər gah Rusiyaya tərəf, gah da Qərbə tərəf meyllənirlər. İkili oyun oynayırlar".

Politoloq bildirib ki, hazırkı dönəmdə Ermənistanın apardığı siyasət Rusiya üçün ciddi fəsad yarada bilər: "Ona görə Rusiyanın Ermənistanın ikibaşlı siyasətini dayandırmasını tələb etməsi məntiqlidir. Bunun üçün şərait yetişib. Həm də artıq uzun müddət vətəndaşı olaraq Ermənistanın təbliğatını aparan Rusiyanın bəzi rəsmilərı, siyasətçiləri Ermənistanın iç üzünü tanıyıblar. Ermənistanın ikibaşlı oyunlarını dayandırmasının ən real əlaməti Mehri dəmir yolunun fəaliyyətə başlamasıdır. Mehri dəmir yolunun fəaliyyətə başlaması ilə Ermənistan Sovet İttifaqı dövründə olduğu kimi, Azərbaycan ərazisi vasitəsilə Rusiyaya bağlanacaq. Bu dəmir yolu həm Ermənistana ucuz yük daşımalarını təmin edəcək, həm də təhlükəsizlik təminatı yüksək səviyyədə olacaq. Mehri dəmir yolunun fəaliyyətə başlaması Rusiyanın Cənubi Qafqazda kommunikasiya imkanlarını xeyli gücləndirəcək. Qərbin göstərişi ilə Ermənistan Mehri dəmir yolunun açılmasına imkan vermir. Çünki Rusiyanın Cənubi Qafqaza əlavə kommunikasiya imkanı onu Qafqaz ətrafı digər regionlarda da imkanlarını gücləndirə biləcək. Mehri dəmir yolunu fəaliyyətə başlaması Ermənistanın AİB üzvlüyünü daha təminatlı edəcək. Ona görə Mehri dəmir yolunun fəaliyyətə başlamasını Ermənistanın ikibaşlı oyunlarının sonu kimi başa düşmək daha düzgündür. 7 rayonun işğaldan azad olunmasının müqabilində Azərbaycanın Mehri dəmir yolunun funksiyalaşmasına şərait yaradacağı şəksizdir. Çünki Azərbaycan regionda kommunikasiyaların inkişafında, şaxələnməsində marağı olan dövlətdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə