Namiq Əhmədov: “Azərbaycan dövləti öz qüdrətinə söykənərək uğurlu siyasətini davam etdirəcək” AÇIQLAMA
"Hesab edirəm ki, Prezident İlham Əliyev müşavirədəki çıxışı ilə Azərbaycanın qarşıdakı illərdəki inkişaf və tərəqqi faktorunu ortaya qoymuş oldu". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov iyulun 13-də son altı ayın yekunlarına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib.
YAP Siyasi Şurası üzvünün sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə tam şəkildə aydınlıq gətirib və haqlı olaraq vurğulayıb ki, Azərbaycan Avropa qurumları ilə inteqrasiya yox, ölkənin milli maraqlarına uyğun olan bir siyasi, iqtisadi əməkdaşlıq qurmalıdır: "Avropa qurumları Azərbaycana hörmət etməli, ölkəmizin milli maraqlarını nəzərə almalıdırlar. Azərbaycanın maraqlarına uyğun olmayan addım isə heç vaxt atılmayacaq. O cümlədən, bu gün Avropa İttifaqının həyata keçirdiyi siyasət bir çox hallarda ayrı-ayrı dövlətlərin təhqir olunmasına, alçaldılmasına səbəb olur. Çünki, burada açıq şəkildə bir neçə ölkənin dominantlığı, öz siyasətini diqtə etmə istəyi var. Cənab Prezident Yunanıstan misalında haqlı olaraq qeyd etdi ki, hazırda bu dövlətin defolt vəziyyətinə salınması, alçaldılması digər dövlətlər üçün bir siqnal olmalıdır. Azərbaycan Avropa Şurasına ona görə üzv oldu ki, bu qurumdan Dağlıq Qarabağ probleminin həllinə dəstək alsın. Təssüflər olsun ki, bu gün Azərbaycan bu dəstəyi ala bilmir. Ona görə ölkə başçısı bu qurumu haqlı olaraq problemin həllinə dəstək verməməkdə ittiham etdi".
Namiq Əhmədov Prezidentin çıxışında Azərbaycanın iqtisadiyyatı ilə bağlı göstəricilərinin açıqladığını xatırladıb və bildirib ki, sevindirici haldır ki, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin azalması fonunda Azərbaycan iqtisadiyyatı son 6 ayda 5.7 faiz artıb. Hesab edirəm ki, bu çox böyük bir göstəricidir. Digər bir məsələ ölkəyə son 6 ayda 12,7 milyard manat sərmayə qoyulmasıdır. Bu sərmayənin böyük bir hissəsi xaricidir. Xarici sərmayə yalnız o ölkəyə qoyulur ki, həmin ölkənin iqtisadi rəqabətlilik indeksi çox yüksəkdir, ictimai-siyasi sabitlikdir. Yəni, investorlar əmindirlər ki, onların qoyduqları vəsait itməyəcək, hər hansı fors-major stiuasiyanını qurbanı olmayacaq.
Növbəti məsələ birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yerinin açılmasıdır. Bu da çox mühüm bir məsələdir".
YAP rəsmisi ölkə başçısının Ermənistanın cinayətkar, diktator rejimi barədə fikirlərinə də münasibət bildirib: "Uzun müddətdir ki, bölgədə təhlükə mənbəyi olaraq qalır. Ona görə də ordumuz ciddi şəkildə formalaşdırılmalı, güclənməli və qarşıya qoyulan məqsədi qısa müddətdə həyata keçirməlidir. Prezident haqlı olaraq qeyd etdi ki, artıq münaqişənin həll olunması üçün danışıqlar heç bir nəticəyə gətirib çıxarmır. Ermənistan danışıqları boykot edir, imitatsiya yaradır, cinayətkar, diktator rejim danışıqları uzatmaqla məşğuldur. Amma, dövlət başçısı onu da bildirdi ki, Ermənistan o qədər də güclü dövlət deyil ki, Azərbaycan torpaqlarını işğal etsin və torpaqlarımızı 20 ildən artıq müddətə işğalda saxlasın".
Dövlət başçısının son dövrlər Azərbaycana qarşı həyata keçirilən çirkin kampaniyadan söz açaraq ciddi mesajlar verdiyini də qeyd edən Namiq Əhmədov bildirib ki, çıxışda səslənən fikirlər uzun müddət Azərbaycana qarşı həyata keçirilən, böhtanın, şantajın açıq şəkildə ifadəsi, ona olan etiraz idi. Ölkə başçısı nitqində haqlı olaraq bunun səbəblərini izah etdi. Bunu səbəblərinin dünya erməniliyi, erməni lobbisi və ermənilərin pulu ilə fəaliyyət göstərən siyasətçilər, konqresmenlər, senatorlar və ayrı-ayrı parlamentarilərin ölkəmizə qarşı qısqanc, qərəzli münasibətdən irəli gəldiyini bildirdi. Prezident çıxışında I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı törədilən bu çirkin, total kampaniyanın, mənəvi terrorun haradan qaynaqlandığını açıqladı. Prezident vurğuladı ki, Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Azərbaycan dövləti və xalqı qalib gəldi. Bu, həqiqətən də belədir. Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə bu kampaniyanını təşkilatçılarına çox sərt bir şillə vurmuş oldu və onlara öz yerini göstərmiş oldu. Bu, ölkə başçısının onlara növbəti xəbərdarlıqdır. Eyni zamanda çıxışda Almaniya parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərara münasibət bildirildi və Almaniya Buntestaqının lüzumsuz, heç bir siyasi məntiqə sığmayan qərarını absurd adlandırıldı. Haqlı olaraq prezident vurğuladı ki, Almaniya Buntestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Bu, həmin dövlətlər, qurumlar üçün açıq mesajdır".
YAP təmsilçisi ölkə başçısının Nazirlər Kabinetinin 6 aylıq fəaliyyətini müsbət dəyərləndirməklə yanaşı bir sıra nöqsanalar, çatışmamazlıqlarla bağlı açıq iradlar bildirməsinə də toxunub: "Prezident AZAL-ın uçuş qiymətlərinin həddən artıq baha olmasını qeyd etdi, vergi, hüquq-mühafizə sahəsindəki nöqsanları həmin qurumların diqqətinə çatdırdı və konkret tapşırıqlarını verdi və bu müşavirə bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti xalqına güvənir, xalq tam şəkildə hakimiyyəti və prezidenti dəstəkləyir. Azərbaycan dövləti öz qüdrətinə söykənərək uğurlu siyasətini davam etdirəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB