Elşad Miraləm: “Mətbuatın diasporanın fəaliyyətində rolu böyükdür” AÇIQLAMA

Elşad Miraləm: “Mətbuatın diasporanın fəaliyyətində rolu böyükdür” AÇIQLAMA

"Azərbaycan diasporunun fəaliyyəti mətbuatımızın həssas yanaşdığı mövzulardan biridir. Bu diqqət və maraq zaman keçdikcə daha da artır. Mətbuat cəmiyyətin güzgüsüdür və bu mənada biz mətbuatda dərc olunan, yayımlanan xəbərlərdə, məqalələrdə Azərbaycan diasporunun fəaliyyətinə Azərbaycan cəmiyyətinin baxışını da görə bilərik". Bunu SİA-ya Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib.

Şöbə müdirinin sözlərinə görə, təqdirəlayiq haldır ki, bu sahədə yazan jurnalistlərin sayı da ildən-ilə artır: "Belə demək mümkünsə, bu sahədə artıq ixtisaslaşmış xeyli media nümayəndəsi var. Bunu ancaq alqışlamaq lazımdır. Çünki mətbuat bir tərəfdən diasporun fəaliyyətini təbliğ edirsə, digər tərəfdən bizə imkan verir ki, müəyyən problemləri, çatışmazlıqları vaxtında görək və aradan qaldıraq. Eyni zamanda bu, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətinə əlavə stimul verən, onları daha məsuliyyətlə və həvəslə işləməyə sövq edən amillərdən biridir. Bu baxımdan, mətbuatın diasporun inkişafında, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, Azərbaycan həqiqətlərinin təbliği işinə cəlb edilməsində rolu böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə