Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Milli mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda elan edilmiş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və mətbuat nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov milli mənəvi dəyərlər mövzusunda Azərbaycan mətbuatının qarşısında duran vəzifələrdən bəhs edərək deyib ki, hər bir xalqın inkişaf tarixində müəyyən ənənələr olub və bu gün həmin ənənələr davam etdirilir: "Azərbaycan xalqının da özünəmıxsus milli adət-ənənələri, dəyərləri olub. Müasir dövrdə internet resursları nə qədər inkişaf etsə də biz ənənələrimizə sadiq qalaraq mətbuatımızı inkişaf etdiririk. Bu baxımdan da hesab edirəm ki, milli mənəvi dəyərlərimizin qorunmasında Azərbaycan mətbuatının rolu olduqca böyükdür".
Çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı milli məətbuatımızın yaranmasının 140 illiyi ilə bağlı mətbuat nümayəndələrini təbrik edib: "Azərbaycan jurnalistləri milli mənəvi dəyərlərimizin qorunmasında, milli kimliyimizin təqdim edilməsində, bütövlükdə ölkəmizin dünyada yerinin və rolunun möhkəmləndirilməsində rolunu olduqca yüksək qiymətləndirirəm. I Avropa Oyunlarının ölkəmizdə keçirildiyi ərəfədə dövlətimizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının qarşısının alınmasında mətbuatımız öz gücünü dünya ölkələrinə bir daha sübut etdi. Bundan başqa sosial şəbəklərdə aparılan söz müharibəsindən də jurnalistlərimiz sözün həqiqi mənasında uğurla çıxdı. Cənab Prezident İlham Əliyev də bu amilləri əsas götürərək Azərbaycan mətbuatının informasiya mübadiləsində həyata keçirdiyi işləri yüksək dəyərləndirib. Biz də bu siyasətə uyğun olaraq mətbauta öz dəstəyimizi əsirgəmədik".
Daha sonra müsabiqə iştirakçıları mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqəyə 45 yazı təqdim edilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB