Əbülfəs Qarayev: "22 iyul tarixi əsl jurnalistika bayramına çevrilib"

Əbülfəs Qarayev: "22 iyul tarixi əsl jurnalistika bayramına çevrilib"

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbir Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 2 iyun tarixli Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə reallaşıb.

Konfransda Azərbaycan milli mətbuatının 140 ildə keçdiyi yola nəzər salınıb, müasir dövrdəki inkişaf perspektivləri təhlil olunub, mövzu ətrafında müzakirələr aparılıb. Toplantıda KİV rəhbərləri, dövlət rəsmiləri, elm xadimləri, ictimai təşkilatların təmsilçiləri, ziyalılar iştirak edir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tədbiri giriş sözü ilə açaraq deyib ki, artıq milli mətbuatımızın yaranmasının 140 illiyi ilə bağlı Azərbaycanın müxtəlif yerlərində silsilə tədbirlər keçirilir: "Biz tədbirə başlamamışdan öncə mətbuat nümunələri ilə bağlı sərgi ilə tanış olduq". Nazir milli mətbuatımızın yaranmasının 140 illiyi münasibəti ilə bütün mətbuat orqanlarının əməkdaşlarını təbrik edib: "Azərbaycanda milli mətbuatın yaranması tarixinin təntənə ilə qeyd edilməsi artıq ənənə halını alıb. Bu ənənə Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ildə verdiyi fərmanla başlayıb və bu günə qədər də uğurla davam etdirilir. Həsən bəy Zərdabi irsi, vicdanlı jurnalistika ənənələri 22 iyul tarixini əsl jurnalistika bayramına çevirib. Ötən müddət ərzində Azərbaycan mətbuatı çətin və mürəkkəb mərhələlərdən keçib. Zamanın müxtəlif dönəmlərində ağır sınaqlarla üzləşən milli mətbuatımız bu gün də sürətli inkişaf yolundadır. Mədəniyyət və turizm mövzularının daim gündəmdə olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, medianın bu mövzulara bəzi hallarda subyektiv yanaşmasını müşahidə etsək də, ümumən, bu sahənin mətbuatın və cəmiyyətin diqqətində olması bizi sevindirməyə bilməz".

Konfransda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusundakı müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə