Politoloq: "ATƏT-in fəaliyyətsizliyi münaqişənin həllini uzadır" AÇIQLAMA

“Həmsədrlərin fəaliyyəti görüntü xarakteri daşıyır”
Politoloq: "ATƏT-in fəaliyyətsizliyi münaqişənin həllini uzadır" AÇIQLAMA

"Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı passivlik müşahidə edilir. Ancaq bununla yanaşı, cəbhədə atəşkəsin Ermənistan tərəfində daha çox pozulduğu müşahidə olunur. Vəziyyətin qeyri-müəyyən durumla üzləşməsi ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə əlaqələndirmək olar". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə məşğul olur, amma real addımlar atılmır: "Həmsədrlərin fəaliyyəti görüntü xarakteri daşıyır. Dağlıq Qarabağ münaqişəsinin həlli olunmaması məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi ilə bağlıdır. İşğalçı ölkə olan Ermənistan isə müxtəlif bəhalər gətirərək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən qaçmağa çalışır. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq ictimaiyyətin məsələyə ikili standartlardan yanaşması münaqişənin həllini ləngidən əsas amillərdir".

Politoloq onu da bildirdi ki, münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində göstərilən səylər Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qalır: "Azərbaycan dövlətinin gücü, hərtərəfli inkişafı bir daha onu sübut edir ki, əgər Azərbaycan dövləti istəsə bu gün işğal altında olan torpaqlarını işğaldan azad edə bilər. Amma Azərbaycan dövlətinin istəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır. Ümumiyyətlə, gec-tez işğalçı ölkə olan Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcburdur. Çünki həmin ərazilər Azərbaycanındır".

Ermənistanda baş verən son olaylara gəlincə E.Mirbəşiroğlu vurğulayıb ki, baş verənlər işğalçı ölkədə hakimiyyət dəyişiklikliyinə gətirib çıxarmayacaq: "Çünki burada bir çox amillər var ki, bu ehtimalları sıfıra endirir. Rusiyanın iradəsi və tapşırığı olmadan düşünmürəm ki, işğalçı ölkə olan Ermənistanda hər hansı bir siyasi dəyişiklik baş versin".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə