Mərkəz sədri: "Obama Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini bir il uzatdı" AÇIQLAMA

Mərkəz sədri: "Obama Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini bir il uzatdı" AÇIQLAMA

"Ukrayna məsələsinin həllində Qərbin və Ukraynanın gözlədiyi müsbət dinamika yoxdur. Həm Qərb Ukraynanın inkişafına stimul verə bilmir, həm də Ukraynanın daxili problemləri ölkənin problem məngənəsindən çıxmasına şərait yaratmır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ukrayna probleminin həllində uğurun olmaması Qərb siyasətçilərinin reytinqini qıran ən mühüm məsələlərdən biridir: "Eləcə də bu, Rusiya prezidenti V.Putinə reytinq gətirən məsələdir. ABŞ prezidenti B.Obama Rusiyanı "regional", Brazilyanı isə "qlobal güc" adlandırdı. Nüvə Rusiyası ilə nüvəsiz Braziliya arasında B.Obamanın belə fərq qoymasının əsas səbəbi Rusiyaya qarşı neqativ münasibəti gizlədə bilməməsidir. B.Obama Ukrayna hadisələrinə görə Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzatdı. ABŞ-ın təhriki ilə Aİ də Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı. Aİ-nin bu addımı dərhal ABŞ Prezident Administrasiyası və ABŞ Dövlət Departamenti tərəfindən dəstəkləndi. Eləcə də Rusiya prezidenti V.Putin "güzgü-cavab" reaksiyası verdi: Rusiya da Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini bir il müddətinə uzatdı. Ağ Ev başa düşür və rəsmən bəyan edir ki, Qərbin tətbiq etdiyi sanksiyalar V.Putini siyasi kursunu dəyişməyə vadar etməyib".

M.Əhmədoğlu bildirib ki, Rusiya prezidenti V.Putin təşəbbüs göstərərək ABŞ prezidenti B.Obama ilə danışdı: "Ukrayna, İran və Suriya prosesləri müzakirə edildi. Kreml tərəfindən yayılan məlumatlardan başa düşmək olur ki, V.Putinin B.Obamaya zəng etməkdə əsas məqsədi Ukraynada Rusiya qoşunlarının olmadığını bildirmək imiş. Vatikanda Roma Papası ilə görüşən V.Putin dünyada, xüsusilə Yaxın Şərqdə gedən prosesləri dini kontekstdə müzakirə etdilər, hədiyyə mübadiləsi edildi. V.Putinin Roma Papası Françisk ilə görüşü ABŞ-da hiddət yaratmışdı. ABŞ-ın bütün səylərinə baxmayaraq, bu görüş baş tutdu. Rusiya tərəfi görüşdə Ukrayna məsələsinin müzakirə olunmasına dair məlumat yaymadı, amma Vatikanın yaydığı məlumatda Ukrayna məsələsinin müzakirə olunması da göstərilirdi. ABŞ-ın Vatikandakı səfiri hətta V.Putinin gecikməsindən istifadə edərək görüşü təxirə salmaq cəhdləri də nəticə vermədi. D.Peskov ABŞ-ın Vatikandakı səfiri K.Hakketin fikirlərini digər dövlətlərin suverenliyinə təzyiq kimi dəyərləndirdi. Rusiya Aİ-nin "Şərq tərəfdaşlığı" proqramını "səhv" adlandırdı və indi Avropa məkanında baş verənləri həmin səhvin nəticəsi kimi dəyərləndirir".

Politoloq əlavə edib ki, Rusiya Yunanıstanla "Türk axını" layihəsinin davam üçün birgə müəssisə yaratdı: "Müştərək şirkət paritet əsasda fəaliyyət göstərəcək. Bu layihənin maliyyə dəyəri 2 milyard avrodur. Rusiya Türkiyə ilə öz arasında yaranmış gərginliyi aradan qaldıra bildi. Dayanmış layihələrə yenidən start verildi. V.Putinlə R.T.Ərdoğan arasında barış görüşü Bakıda keçirildi".

Bütün xəbərlər Facebook səhifəmizdə