"Ermənistan Rusiyanın kiçik vilayətinə çevriləcək" AÇIQLAMA

"Ermənistan Rusiyanın kiçik vilayətinə çevriləcək" AÇIQLAMA

Ermənistanın rəsmi olaraq Rusiyanın başçılıq etdiyi Avrasiya İttifaqına üzv olmasını Ermənistan təhlilçiləri və hakim dairələri ölkənin həm iqtisadi, həm də təhlükəsizliyi baxımından əlverişli hesab edirlər. Rusiyalı ekspertlər isə o qədər də müsbət fikirlər səsləndirmirlər. Əksinə Ermənistanı Rusiya üçün "artıq yük" hesab edirlər.

Millət vəkili, professor Musa Qasımlı SİA-ya açıqlamasında deyib ki, Ermənistan heç bir zaman özünü idarə və təmin etmək qabiliyyətində olan bir dövlət olmayıb. Daima başqa dövlətlərin hakimiyyəti altında və möhtac şəraitdə yaşayıb.

Millət vəkilinin fikrincə, ermənilər hələ də sovet dönəmindən qalan qul psixologiyası ilə yaşayırlar: "Sovet dövründə Ermənistan dotasiya ilə yaşayırdı, indi də özünü Avrasiya İttifaqına sırımaqla ayaq üstə qalmağa çalışır. Deməli, Ermənistan Avrasiya İttifaqına daxil olsa Rusiya onu çiyinlərində daşımalı olacaq. Daşınacaq yükün ağırlığını isə rus xalqı çəkəcək. Ermənistan Rusiyanın kiçik bir vilayətinə çevriləcək".

ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, Ermənistan həm iqtisadi, həm siyasi, həm də diplomatik cəhətdən Rusiyanın himayəsi altındadır: "Bu yükü ruslar Azərbaycanın tarixi ərazilərində Ermənistan dövlətinin yaratdıqları ilk gündən üzərlərinə götürüblər və onları saxlamağa borcludurlar. Çünki, əslində Ermənistan adlı dövlət anlayışı yoxdur. İstəyir onlar özlərini müstəqil adlandırsınlar və yaxud Avrasiya İttifaqında təmsil olsunlar, fərqi yoxdur. Ortada bir gerçəklik var, bütün dövrlərdə Ermənistanı dövlət kimi saxlayan Rusiya olub".

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə