Musa Quliyev: “Mətbuata göstərilən dövlət qayğısından çox razıyam” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycanın milli mətbuatı yarandığı gündən böyük tarixi şərəfli yol keçib. Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra mətbuata dövlət qayğısı daima olub və bu gün də var. Ümummilli Lider Heydər Əliyevin mətbuata qayğısı hər kəsin yadındadır. Mətbuatla bağlı ilk dəfə senzuranın götürülməsi məhz Ulu Öndərin mətbuata və bütövlükdə informasiya məkanına verdiyi böyük diqqətin və qayğının təzahürü idi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, dəfələrlə prezident fərmanı olub, mətbuatla bağlı qanunlar qəbul olunub, qanunvericilik təkmilləşib: "Azərbaycanda jurnalistikanın, o cümlədən Kütləvi İnformasiya Vasitələrində (KİV) çalışan jurnalistlərin inkişafı üçün hər cür şərait yaradılıb. Beləcə onlara dövlət dəstəyi daimi olaraq göstərilir. Dünyanın heç bir yerində dövlət jurnalistə ev tikib təqdim etmir. Azərbaycanda artıq bu praktika ənənə halını alıb. Demək olar ki, hər il jurnalist üçün cənab Prezident İlham Əliyevin sərəncamı ilə yeni evlər tikilir mənzillər verilir. Dünyanın çox nadir ölkələrində mətbuata dövlət tərəfindən konkret olaraq maliyyə dəstəyi göstərilir. Azərbaycanda isə bu bir ənənəyə çevrilib. Jurnalistlərə fəxri adların verilməsi, onların daimi sosial problemləri ilə ölkə başçısı səviyyəsində dövlətin maraqlanması bu dəstəyin bir nümunəsidir".
M.Quliyev əlavə edib ki, bu gün Azərbaycanda KİV təsis etməkdən asan heç nə yoxdur: "Əgər kimsə bunu etmək istəyirsə sadəcə olaraq Ədliyyə Nazirliyinə informasiya göndərir və orada onu qeydiyyata alırlar. Bundan böyük azadlıq, diqqət və qayğı ola bilməz. Bu gün Azərbaycan jurnalistikası dünyanın ən azad jurnalistikalarından biridir. Baxmayaraq ki, bəzi dövlətlərin xüsusi xidmət orqanları tərəfindən yaradılan və maliyyələşdirilən qeyri-hökumət təşkilatları (QHT), o cümlədən bəzi beynəlxalq QHT-lər Azərbaycanda guya söz, mətbuat azadlığının məhdudlaşdırılması barədə fikirlər söyləyirlər. Ona görə də artıq Azərbaycan KİV məkanı gündən-günə öz hüdudlarını da genişləndirməlidir. Artıq Azərbaycan jurnalistikası beynəlxalq səviyyəyə çıxmaqdadır. Bu gün internet jurnalistikası, telejurnalitika Azərbaycanda çox geniş şəkildə inkişaf edir. Bu mənada mən ölkəmizdə mətbuata göstərilən dövlət qayğısından çox razıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB