“Etika Forumu – Bakı 2015” YENİLƏNİB

“Etika Forumu – Bakı 2015” YENİLƏNİB

Bu gün Bakıda "Etika Forumu – Bakı 2015" Forumu keçirilib. SİA-nın məlumatına görə, Forumda Etika Akademiyasının rəhbəri Günel İbrahim, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova iştirak ediblər.

Forumu giriş sözləri ilə açıq elan edən Günel İbrahim əsas məqsədlər barədə məlumat verib. O qeyd edib ki, əsas məqsəd vətəndaş cəmiyyətinin inkişafı, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğatına diqqət yönəltməkdir: "Əminəm ki, Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsi üçün dövlət qurumları, kommersiya və ictimai qurumları öz dəstəklərini vercəklər".

Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Etika Akademiyası hələ ötən il fəaliyyətə başlasa da, gördüyü işlər diqqətdən yayınmır: "Bir çox gənclərin fəallığının artmasında bu akademiyanın xüsusi rolu var. PA da həmçinin, fəal gənclərin işini diqqətdə saxlayır. Çox istərdik ki, bu cür forumlar bölgələrimizdə də keçirilsin".

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə yeni yaranmış olan Etika Akademiyası və AGAT-la sıx əməkdaşlıqda olduqlarını diqqətə çatdırıb: "Etikanın elə ən bariz nümunəsi bu yaxınlarda keçirilmş I Avropa Oyunları oldu. Bununla Azərbaycan dünyaya öz mentalitetini, adət-ənənələrini çatdıra bildi. Biz özümüzə aid olanları deyə bildik. Bu Oyunları izləyərkən çox təəssüf ki, bu oyunların kənarında olan fikirləri də izədik. Bu Oyunlar haqqında söylənilən doğru olmayan fikirləri eşitdikdə, şəxsən məndə təəssüf hissi yarandı. Əgər kimsə hesab edirsə ki, virtual məkanda qeyri-etik fikirlər deyə bilər bu yanlışdır, onları bu fikirlərindən çəkindirmək lazımdır.

Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova çıxış edərək, I Avropa Oyunlarının bu qədər uğurla keçirilməsi münasibətilə hamını təbrik edib: "Getdikcə dövlətimiz gənc nəsillə daha çox uğurlar qazanır. Biz bu foruma da yeni məzmun gətirə biləcəyik. Etika çox böyük məfhumları özündə əhatə edən istiqamətdir. Özümüzlə vətəndaş arasında heç bir fərq görməməliyik. Bu, etikanın ən böyük üstünlüyüdür. Etik davranış qaydaları ayrı-seçkiliyə yol verməməlidir: "Əgər ailədə kobud münasibətlər varsa, bu, böyük bir etik pozuntudan xəbər verir. Etik davranış dedikdə yalnız etik materialları düşünməliyik. Bu qaydalar mümkün qədər çox təbliğ edilməlidir".

Fransanın Azərbaycandakı fövqladə və səlahiyyətli səfiri Paskal Monye deyib ki, etik qaydaların həyata keçirilməsi əsas prinsiplərdən biridir: "Hər kəs buna öz nöqteyi-nəzərindən yanaşır. Biz bunu müxtəlif aspektlərdə görürük".

Foruma diskussiya şəklində yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə