Şahin Seyidzadə: “Avropa Oyunları bütöv Azərbaycan komandasının uğurudur” AÇIQLAMA

Şahin Seyidzadə: “Avropa Oyunları bütöv Azərbaycan komandasının uğurudur” AÇIQLAMA

"Ümumiyyətlə "Bakı-2015" I Avropa Oyunları Azərbaycanın və dünya idman tarixinin yeni bir səhifəsidir. Bunun əhəmiyyətini sadə bir misal ilə izah etmək mümkündür. Bugün hər kəs bilir ki, ilk Olimpiya Oyunlarına Yunanıstan ev sahibliyi etmişdi. Amma çox az adam ikinci, üçüncü, dördüncü Olimpiya Oyunlarının hansı ölkədə keçirilməsini xatırlayır. Bugün Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə 50-100 ildən sonra, yəni bizdən sonra gələn növbəti nəsillər ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçdiyini biləcəklər və bu nəsildən-nəsilə ötürüləcək. Bunu SİA-ya Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

ARGTMŞ sədrinin sözlərinə görə, bu tədbir, bayram, möhtəşəm oyunlar Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlsə də, tədricən ümumilli hadisəyə çevrildi: "Heç kim bu möhtəşəm tədbirə biganə qalmadı. İlk Avropa Oyunlarının açılış mərasimi öz ecazkarlığı seçildi. Burada olan möhtəşəm səhnələr, ifalar bir tərəfdən Azərbaycanın zəngin tarixi, mədəniyyətini əks etdirirdisə də, digər tərəfdən bu xüsusiyyətlərin onun müasirliyi ilə ahəngini əks etdirirdi. Sosial şəbəkələrdə açılış mərasiminə qədər müşahidə olunan fəallıq və bu fəallığın açılış mərasimindən sonra daha da artması bir daha göstərdi ki, açılış mərasimi möhtəşəm idi. Ölkəmizdə 17 gün ərzində keçirilən ilk Avropa Oyunlarında elə bir idman yarışı yox idi ki, ona maraq göstərilməsin və azarkeşlik olunmasın. Bu Azərbaycanda idmana qarşı yeni, müsbət bir münasibətin mövcudluğunun bariz nümunəsidir. Avropa Oyunları ölkəmiz üçün yeni bir brenddir. Artıq biz idman sahəsində idmançılarımızın uğurları ilə yanaşı, möhtəşəm təşkilatçılıq fəaliyyəti və idarəetməsi ilə də fəxr edə bilərik. 17 gün keçirilən maraqlı idman yarışlarından sonra keçirilən möhtəşəm bağlanış mərasimi dünyanın diqqətini bir daha şərq və qərbin qovuşduğu Azərbaycana cəlb etdi".

Ş.Seyidzadə əlavə edib ki, Avropa Oyunlarının təşkilində hər bir azərbaycanlılın töhfəsi var. Bağlanış mərasimindən sonra cənab Prezident İlham Əliyev bu əlamətdar tədbirin təşkilində mühüm əməyi olan bir çoxlarını mükafatlandırdı: "Sözsüz ki, burada Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çox böyük zəhməti oldu. Həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun xidmətləri danılmazdır. Onların rəhbərliyi ilə Avropa Oyunlarının təşkilində böyük bir komanda çalışdı. İstər təmənnasız olaraq fəaliyyət göstərən 12 mindən artıq könüllü, istərsə də bu haqda yazan mətbuat orqanları, bir sözlə hərkəs bu "böyük şəkil"in bir parçası oldu, bir komanda şəklində fəaliyyət göstərdi. Və bugün rahatlıqla demək mümkündür ki, Avropa Oyunları bütöv Azərbaycan komandasının uğurudur".

Bütün xəbərlər Facebook səhifəmizdə