Siyavuş Novruzov: “Azərbaycana "böyük qardaş" lazım deyil” AÇIQLAMA

“Kimin xoşu gəlir qəbul etsin, kimin də xoşu gəlmir qəbul etməsin"
Siyavuş Novruzov: “Azərbaycana "böyük qardaş" lazım deyil” AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın müzakirəyə çıxarılması ədalətsiz, anti-demokratik hərəkətlərdən xəbər verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP rəsmisinin sözlərinə görə, sözügedən məsələlərin müzakirəyə çıxarılmasının hər biri Azərbaycan qarşı olan qısqanclıqdan irəli gəlir: "Azərbaycanın artan nüfuzu, iqtisadi inkişafı, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, beynəlxalq tədbirlərin keçirilməsi, I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və s. təbii ki, bu qüvvələri narahat edir. Məhz bu mənada onlar anti-Azərbaycan mövqeyindən çıxış edirlər. Əgər biz onların çıxışlarının tərkibinə nəzər salsaq görərik ki, hansı dövlətləri təmsil edirlər və mövqeləri nədir. Bu baxımdan da hesab edirəm ki, onların verdikləri qərar ədalətsizdir. Birinci növbədə, Avropa Şurasının üzvü olan dövlətlərin və bu qərarla bağlı fikir söyləyən dövlətlərin heç birində vəziyyət Azərbaycandakından yaxşı deyil, əksinə qat-qat pisdir. İstər Almaniya, istərsə də digər dövlətlər olsun, orada mütəmadi olaraq insan hüquqları da pozulur, söz-mətbuat azadlığı da məhdudlaşdırılır və s. İkinci bir tərəfdən onların ədalətsiz qərarı ondan ibarətdir ki, BMT-nin Azərbaycanla bağlı 4 qətnaməsində də göstərildiyi kimi Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunub və ermənipərəst qüvvələrin təhriki nəticəsində bu fikir Dağlıq Qarabağ adı ilə formalaşdırılıb".

S.Novruzov bildirib ki, onların məqsədi Azərbaycanda insan haqlarının müdafiəsi deyil, əksinə anti-Azərbaycan mövqeyi sərgiləməkdir: "Təbii ki, orada da ermənilərin, ermənipərəst qüvvələrin fikirləri, ümumiyyətlə, etnik, dini və milli ayrı-seçkiliyin bariz nümunəsi ortadadır. Bu baxımdan da onların verdiyi qərardan asılı olmayaraq Azərbaycan öz müstəqil siyasətini aparır. Təbii ki, bu müstəqil siyasətin aparılması da onlara sərf etmir. Onların hər biri istəyir ki, Azərbaycan diqtə etsinlər. Ölkəmiz də bu diqtələri qəbul etmir. Azərbaycan dəfələrlə elan edib ki, bizə nə böyük qardaş, nə də yuxarı təşkilat lazım deyil".

YAP İcra katibinin müavini əlavə edib ki, biz hər bir qurumla eyni səviyyədə öz əməkdaşlığımızı qururuq: "Kimin xoşu gəlir qəbul etsin, kiminsə xoşu gəlmir qəbul etməsin. Nümunə üçün Almaniyanı göstərə bilərik. Harada görülüb ki, hansısa bir ölkənin parlamenti digər bir ölkə haqqında qərar qəbul etsin. Təbii ki, əgər biz müharibə etsəydik o zaman qərar qəbul olunardı ki, Azərbaycan müharibə elan edir. Bu tamam başqa məsələdir. Amma Azərbaycanda nə baş verirsə, nə hadisə olursa bununla əlaqədar Almaniya parlamentində müzakirə keçirmək gülüş doğurur. Axı bunun hansı hüquqi əsası var? Bu BMT və yaxud hansısa bir təşkilat deyil. Onlar sadəcə olaraq Azərbaycanda gedən proseslərin üzərinə kölgə salmaq üçün, erməni mənşəli 5-6 nəfərin törətdiyi cinayətləri ört-basdır etmək üçün bunlara don geyindirməyə çalışırlar. Təbii ki, onların heç bir effekti olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə