Sahibə Qafarova: “Qanunvericiliklə bağlı səslənən iradlar qətiyyən qəbulolunan deyil” AÇIQLAMA
"Azərbaycan çox mürəkkəb bir regionda yerləşsə də mövcud şərtləri öz lehinə çevirə bilib". Bu fikirləri SİA-ya Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və "Zorakılıqdan azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova AŞPA-nın yay sessiyası çərçivəsində həmməruzəçilərin ölkəmizlə bağlı hazırladıqları qətnaməyə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, bunun başlıca səbəbi Azərbaycanın yalnız əməkdaşlığa və qarşılıqlı maraqlara söykənən xarici siyasət həyata keçirməsidir: "Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan bir ölkə kimi heç vaxt bu zənginliyindən başqa məqsədlər üçün istifadə etməyib. Azərbaycan yalnız əməkdaşlıq və dialoqun tərəfdarıdır. Əlbəttə son dövrlər baş verən hadisələr, xüsusilə Ukraynada yaşananlar narahatlıq doğurur. Amma bu kimi hallar Azərbaycanın xarici siyasətində hansısa dəyişikliklər etməsini şərtləndirmir. Çünki Azərbaycan konyuktur və dövri maraqlara deyil, ardıcıl siyasi kursa əsaslanır. Azərbaycan onunla əməkdaşlıq etmək istəyən istənilən dövlətə və təşkilata qapılarını açır".
Sahibə Qafarova qeyd edib ki, Azərbaycanın siyasi palitrasında mövcud qüvvələr balansı haqqında hesabatda yer alan fikirləri də qəbul etmirik: "Çünki Azərbaycan demokratik bir siyasi sistemə malikdir. Ölkədə siyasi hakimiyyəti xalqın iradəsinə əsaslanan seçkilər müəyyənləşdirir. Parlament Azərbaycanın inkişafında çox mühüm rol oynayır və indiki parlament əksəriyyət beynəlxalq müşahidəçilərin də təqdir etdiyi demokratik seçkilər əsasında formalaşıb. Müxalifətin parlamentdə təmsil olunmaması fikri də tamamilə uydurma bir ittihamdır. Bu gün Azərbaycan parlamentində Azərbaycan xalqının maraqlarını ifadə edən, seçicilərin dəstəyini qazanmış müxalifət partiyalarının təmsilçiləri də var".
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin üzvü onu da xatırladıb ki, Azərbaycanın Seçki Məcəlləsi Avropa Şurasının Venessiya Komissiyası ilə əməkdaşlıq şəraitində və Komissiyanın tövsiyyələri nəzərə alınaraq hazırlanıb və qəbul olunub: "Ötən seçkilərdə bu Məcəllə ilə seçkilərin keçirilməsi və uğur əldə olunması bir daha o reallığı ifadə edir ki, Azərbaycanda tam ədalətli, şəffaf və demokratik əsaslara söykənən seçki qanunvericiliyi bazası və mühiti mövcuddur. Bu isə ilin sonunda keçiriləcək parlament seçkilərinin tam ədalətli keçiriləcəyinə sonsuz inam yaradır. Başqa bir nüans da bəzi şəxslərin həbsləri ilə bağlı olan qeyri-obyektiv ittihamlardır. Azərbaycanda heç bir kəs siyasi dünyagörüşünə və baxışlarına görə həbs olunmayıb. Hər kəs törətdiyi konkret cinayət əməlinə görə həbs olunub. Kiminsə fərqli siyasi baxışlara sahib olması onun ölkənin qanunlarına məhəl qoymamasına rəvac verməməlidir. Qanunlar hamı üçün eyni qaydada şamil olunur. Əgər o şəxslər məhkəmənin qərarından narazıdırlarsa, əlbəttə ki, buyurub Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Azərbaycan AİHM-nin yurisdiksiyasına daxildir. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti də dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub, bu konsepsiyadan irəli gələrək QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Hazırda bu Şura bütün QHT-lərin təqdim etdikləri layihələri maliyyələşdirir, onlara ciddi qrant dəstəyi verir. Eyni zamanda, bu sahədə ciddi əsaslara söykənən, Azərbaycanın inkişaf dinamikasına uyğun olan möhkəm hüquqi baza mövcuddur. Qanunvericiliklə bağlı səslənən iradlar qətiyyən qəbulolunan deyil. Dünyanın heç bir inkişaf etmiş, demkoratik dövlətlərinin qanunvericiliyində əksini tapmayan məsələlərin Azərbaycan qanunvericiliyində olmasını gözləmək tamamilə ədalətsizdir. Bu sənəddə şəffaflığın əhəmiyyəti vurğulandı. Amma bir bənd sonra QHT-lər haqqında qanunvericiliyə dəyişiklikdən bəhs olunur və burada hansı məsələlərin nəzərdə tutulduğunu biz yaxşı bilirik. Bu gün Azərbaycana təklif olunan dəyişikliklər şəffaflığın təmin olunmasına deyil, əksinə, gizli, cəmiyyətə və müvafiq dövlət qurumlarına açıqlanmayan fəaliyyətin təşviqini nəzərdə tutur. Bu isə əlbəttə yolverilməzdir. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti cəmiyyət üçün şəffaf olmalıdır, o təşkilatlar fəaliyyətə görə müvafiq qurumlar qarşısında hesabat verməlidir. Bu dünyanın hər bir ölkəsində belədir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB