Paytaxt sakinləri Avropa Oyunlarının sevincini yaşayır SORĞU

Paytaxt sakinləri Avropa Oyunlarının sevincini yaşayır SORĞU

Artıq "Bakı 2015" birinci Avropa Oyunlarına start verilib. Böyükdən kiçiyə, kimliyindən asılı olmayaraq, hər kəs bu anı qürur və intizarla gözləyirdi. İlk dəfə ölkəmizdə keçirilən Avropa Oyunları istər yerli, istərsə də xarici vətəndaşların diqqətindədir. Oyunlar ölkə iqtisadiyyatı, turizmi baxımından xeyli uğur vəd etdiyi qədər, idmana olan marağı da artıracaq.

Bəs Bakı sakinləri oyunlar barədə nə düşünür? SİA bununla əlaqədar sakinlər arasında sorğu keçirib. Sorğuda iştirak edən gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri də oyunlara xeyli maraq göstərdiklərini dilə gətirdilər.

Jurnalist, yazıçı, publisist Anna Barkulaşvili: "Bu oyunların ölkəmiz üçün əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Fəxr edirəm ki, mən Azərbaycanda yaşayıram və ilk Avropa Oyunları da ölkəmizdə keçirilir. Dövlət başçımız İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən çox böyük işlər görülüb. Sevindirici haldır ki, artıq bizim idmançıların qızıl medalları da var. Təbii ki, bu da bizləri sevindirir".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Yavər Qasımova: "Bu oyunlar sayəsində Azərbaycan öz qüdrətini və böyük dövlət olduğunu bir daha Avropaya sübut etmiş olacaq. Bizim insanımız, ölkəmizin gözəlliyi mütləq avropalıların diqqətini çəkəcək. Bu oyunlar idmana marağı olan insanlar üçün də yaxşı fürsətdir".

Şəhər sakini Aidə Subaliyeva: "Avropa Oyunları ölkəmizdə turizmin inkişafı üçün yeni imkanlar yaradacaq. Ümumiyyətlə, idman bizim ailənin ən sevimli məşğuliyyətidir. Mütləq bir neçə yarışa baxmağa gedəcəm. Əlbəttə, tək yox, dostlarımla birlikdə".

Şəhər sakini Eldar Hüseynov:"İdmançılarımızın qazandığı qələbələr bizləri çox sevindirir. Arzu edirəm ki, sona kimi bu qələbələr davam etsin. Qızıl medallar nə qədər çox olarsa, bu, ölkəmizin gücünü, qüdrətini göstərəcək. Oyunlar ölkəmizə böyük stimul verir. Artıq Azərbaycan dünyada tanınan ölkədir".

Şəhər sakini Vüqar Qasımov: "Bakı 2015" ilk Avropa Oyunlarının açılış mərasimində mən də iştirak etdim. Çox möhtəşəm idi. İdmançıların qələbələri isə bizlərin fəxridir. Bu Oyunların gələcəyi həm idmançılarımız, həm də dövlətimiz üçün yaxşı olacaq. İdmançılarımıza uğurlar arzulayıram".

Şəhər sakini Tamara Şirinova: "Oyunlar ölkəmizdə idmanın inkişafı baxımdan yaxşı fürsətdir. Yaşıma baxmayın, mən idmanla çox maraqlanıram. Özüm getməsəm də, övladlarım gedəcək. Artıq bilet alıblar".

Qeyd edək ki, "Bakı 2015" ilk Avropa Oyunlarının açılış mərasiminə iyunun 12-də start verilib. Oyunlar iyunun 28-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə