"İdmandan xəbəri olmayan, Azərbaycan idmanı, idmançısı üçün heç bir iş görməyən adamcıqlar bu gün idmançımızı müzakirə edirlər". Bunu SİA-ya Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev erməniyə uduzan idmançı Həsən Əliyev haqqında fikirlərini açıqlayarkən deyib.
Millət vəkili Həsən Əliyevi tənqid edənlərə deyib ki, hər hansı bir idmançıya məşqçisindən başqa heç kim irad bildirə bilməz: "İlk Avropa Oyunları kimi mötəbər bir yarışa sıradan idmançılar qatılmayıb. Bunu hər kəs yaxşı bilir. İdman yarışlarında bir çəki dərəcəsində, bir qızıl medal olur. Onun uğrunda mübarizə aparmaq isə olduqca çətindir. Kim daha çox hazırlıqlı olursa, həmin idmançı da qazanır. Bu dəfə idmançımızın bəxti gətirmədi. Bunun üçün ona qarşı aşağılayıcı fikirlər səslənmdirmək olduqca gülüncdür. Çünki o, Azərbaycan idmançısıdır və onu ruhdan salmaq olmaz. Hələ qarşıda onu çox idman yarışları gözləyir. İdmana heç vaxt siyasi aspektdən yanaşmaq olmaz. Düşmən düşməndir, idman idman".
Adil Əliyev həmçinin insanları idmançılarımıza dəstək olmağa çağıraraq qeyd edib ki, biz bütün gücümüzlə idmançılarımıza dəstək olmalı, onlara əlimizdən gələni əsirgəməməliyik: "Gəlin birlikdə bu ağır və şərəfli yolda idmançılarımızın yanında olaq, onlara dəstək verək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB