Eldar İbrahimov: “15 iyun olmasaydı müstəqil Azərbaycan da olmayacaqdı”

Eldar İbrahimov: “15 iyun olmasaydı müstəqil Azərbaycan da olmayacaqdı”

"15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş günü oldu. Ulu Öndər Heydər Əliyevin bizə deyil, bizim Heydər Əliyevə ehtiyacımız var idi". Bunu SİA-ya Azərbaycan Respublikası Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov 15 iyun Qurtuluş Günü ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Eldar İbrahimov o dövrün ağır gərginliklərindən bəhs edərək qeyd edib ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub: "1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə dövlətə rəhbərlik edə bilməyən adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi. Eyni zamanda, AXC hakimiyyətinin Heydər Əliyevi hakimiyyətdən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu Öndərə olan xalq sevgisinin bir daha şahidi oldu. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Mənim üçün bu günün, bu bayramın əvəzi yoxdur. 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı".

Komitə sədri həmçinin onu da qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, bir sıra islahatlar həyata keçirdi: "Ümummilli Lider 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə