Prezident Administrasiyası ilə GİN-in birgə mətbuat konfransı YENİLƏNİB FOTOLAR

Prezident Administrasiyası ilə GİN-in birgə mətbuat konfransı YENİLƏNİB FOTOLAR

Bu gün Prezident Administrasiyası ilə Gənclər və İdman Nazirliyi birgə mətbuat konfransı keçirib. SİA xəbər verir ki, mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın daxili və xarici siyasəti, habelə I Avropa Oyunlarına hazırlıq mərhələsi, o cümlədən də digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıblar. Mətbuat konfransında yerli jurnalistlərlə yanaşı, xarici jurnalistlər də iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, ölkəmizə qarşı aparılan qərəzli kampaniyaların təşkilatçıları öz məqsədləri üçün tanınmış hökumət və dövlət rəsmilərinin adından tamamilə səhv fikirlər səsləndiriblər ki, bu da yolverilməzdir: "Azərbaycanda keçirilən İlk Avropa Oyunları dövlətlərarası dostluğun təntənəsi olacaq. İdman hər zaman ölkələri birləşdirir. İstər dost, istərsə də düşmən ölkələr idman tədbirlərində bir araya gəlirlər. Bu baxımdan da ölkəmizə qarşı aparılan bütün qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək. Dəfələrlə oyunların boykot edilməsi ilə bağlı bəzi qərəzli çıxışlar olsa da, hazırda həmin ölkələrin nümayəndə heyəti idmançıları ilə birgə Azərbaycana təşrif buyurub. Bu da o deməkdir ki, bəzi təşkilatlar öz məqsədləri üçün tanınmış hökumət və dövlət rəsmilərinin adından tamamilə səhv fikirlər səsləndiriblər. Bütün hallarda biz bunlara öz etirazımızı bildirmişik. Əsas məqsədimiz dövlətlərlə münasibətlərimizi korlamaq deyil, Azərbaycanın rolunu və yerini dünyada möhkəmləndirərək yeni hədəflərə doğru irəliləməkdir. Sağlam gənclik yetişdirməklə daha böyük uğurlara imza atmağı düşünürük".

Nazir onu da qeyd edib ki, İlk Avropa Oyunlarında idmançılarımıza dəstək üçün azarkeşlər böyük rol oynayır: "Belə ki, idmançılarımızın daha yaxşı nəticələr əldə etmələri üçün birbaşa azarkeşlərin rolu və dəstəyi vacibdir. İndiyə qədər Avropanın komanda hesablarında Azərbaycan 10-cu yerə çıxıb. Hazırda Birinci Avropa Oyunlarında əsas məqsədimiz daha yüksək nəticələr əldə etməkdir".

A.Rəhimov həmçinin Ermənistan idmançılarının Azərbaycana səfərindən danışıb: "Bundan öncə güləş və boks yarışlarında ermənilər iştirak etmişdi. Azərbaycan hər şeydən əvvəl ölkəsində beynəlxalq tədbirlərin keçirilməsində maraqlıdır və bunun da öhdəsindən layiqincə gəlməyi bacarır: "İdman tədbirlərində iştirakla bağlı Ermənistanla müvafiq format işlənib hazırlanıb. Formata əsasən biz idmançıların təhlükəsizliyinin təminatı baxımından öhdəlik üzərimizə götürmüşük. Azərbaycan höküməti onlara idman tədbirlərində iştirakla bağlı məktub yollayırıq. Bu müstəvidə indiyə qədər düşmən ölkə ilə heç bir problem yaşanmayıb. Bundan sonra Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərdə Ermənistanın iştirakı gözlənilir".

Daha sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin bir sıra məsələlərlə bağlı suallarını cavablandırıb. Qeyd edib ki, biz bölgәdә balanslı, qarşılıqlı faydalı münasibәtlәrә yönәlәn partnyorluq siyasәti yürüdürük və bunda maraqlıyıq: "SSRİ dağıldıqdan sonra Azərbaycan müstәqillik qazanmış 15 ölkәdәn biri olub: "O zaman qarşımızda 3 yol var idi. Biri post-sovet ölkәlәri ilә münasibәrlәri davam etdirmәk, digәri Qәrb, Avropa dәyәrlәri istiqamәtindә fәaliyyәt göstәrmәk vә üçüncüsü Asiya ölkәlәrinin siyasiәtinә qoşulub müstәqil siyasәt yürütmәk. Hәr üç seçim cәlbedici görünsə də özlərinə görə problemlәri dә var idi. 1990-93- cü illәrdә Azәrbaycanda vәtәndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildә Konstitusiya qәbul edildi. Azәrbaycan prezidenti açıq-aşkar bәyan edib ki, biz öz yolumuzla gedirik və siyasәtimizin әsas mahiyyəti Azәrbaycan xalqının maraqları üzәrindә qurulub. O yerdә ki, Azәrbaycanın maraqlarına uyğun yürdülәn siyasәt var, orada Azәrbaycan var olacaq. Çünki dövlətimiz daim qarşılıqlı, faydalı, ikitәrәfli münasibәtlәrә üstünlük verir. Ona görә hәm İran, hәm ABŞ, İsrail, hәm də Türkiyә ilә münasibәtlәr qururuq. Azәrbaycanın maraqlarına söykәnәn, heç kimin maraqlarına kölgә salmayan bütün yollar bizim marağımıza uyğundur vә bu regionda әn keçәrli, düzgün siyasәtdir".

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi "Amnesty International" təşkilatının yaydığı bəyanata münasibət bildirərək qeyd edib ki, bu tamamilə əsassızdır: "Aparılan araşdırmalara görə, bu təşkilat adından heç kimin viza almaq üçün müraciət etdiyi qeydə alınmayıb. Bununla bağlı araşdırma apardım, müvafiq qurumlarla əlaqə saxladım və öyrəndim ki, "Amnesty International" adından Azərbaycana səfərə gəlmək istəyən insanın adı qeydiyyatdan keçməyib, nə BEGOC-da, nə də viza almaq üçün müvafiq qurumda "Amnesty International"dan heç kimin adı yoxdur. Sonra bəlli oldu ki, "Amnesty International" təşkilatını təmsil edən ayrı-ayrı şəxslər dolayı yolla, yəni qeyri-qanuni yolla, müxtəlif qəzetlərin adından istifadə edərək Azərbaycana keçmək istəyiblər. Burada sadəcə dolayı yolla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb. Bu baxımdan da onların bəyanatlarını əsassız hesab edirik".

Administrasiya rəsmisi həmçinin bu gündən etibarən hökümət və dövlət rəhbərlərinin ölkəmizə gələcəyini də vurğulayaraq qeyd edib ki, gələn qonaqların 15-20 nəfəri dövlət başçıları, digərləri isə dövlətləri təmsil edən iri ranqlı hökümət nümayəndələri olacaq: "Hələlik onların adlarını açıqlamaq istəmirəm. Bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. İnanırıq ki, Birinci Avropa Oyunları öz möhtəşəmliyi, yüksək təşkilatçılığı ilə keçiriləcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə