Baş redaktorlar bu təşkilatın ABŞ dövlət departamentinin maraqlarını yerinə yetirdiyini bildiriblər
İFEX dəyişməz ampulasındadır

I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan qarayaxma kampaniyası ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciəti də buna misal göstərə bilərik. Müraciətdə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı "twitter" kampaniyasına qoşulmağa çağırış öz əskini tapır. Onlara veriləcək adekvat, layiqli cavabla əlaqədar media kampitanlarının SİA-ya açıqlamasını təqdim edirik.

Hikmət Babaoğlu: "Belə qərəzli mövqe bu təşkilatın özünü ifşasıdır"

- "İFEX" şəbəkəsinin çağırışı o qədər qeyri-ciddi və qərəzlidir ki, müraciət etdiyi bütün QHT və jurnalist təşkilatlarında ikrah yaradacaq. Bu da elə təşkilatın özünün gözdən düşməsinə səbəb olacaq. Azərbaycanda İlk Avropa oyunları keçirilir və bu çox yüksək səviyyədə təşkil olunub. Hadisənin özu onun mahiyyətini şərtləndirir. Yəni Avropa oyunları bir idman hadisəsi, bir rasional rəqabət və əməkdaşlıq hadisəsidir. O cümlədən də xalqların və dövlətlərin qarşılıqlı maraqları çərçivəsində inteqrasiya hadisəsidir. Belə bir tədbirə ev sahibliyi edən ölkə haqqında neqativ xəbər yaymaq və bununla bağlı çağırış etmək "İFEX"-in qlobal dəyərlərə münasibətinin göstəricisidir. Belə qərəzli mövqe bu təşkilatın özünü ifşasıdır.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Media bunlara layiqli cavab vermək gücündədir"

- Bu əslində beynəlxalq jurnalistikanın tarixində biabırçı fakt kimi qalacaq. Çünki bizlər daima medianın, jurnalistlərin obyektiv fəaliyyət göstərmələri üçün çalışdığımız halda, bu gün beynəlaxlq jurnalist şəbəkəsinin aktiv şəkildə siyasi proseslərə qoşulmalarının və qeyri-obyektiv yanaşmalarının şahidi oluruq. Əlbəttə ki, bu aylar öncə Azərbaycanda keçirilən I Avropa Oyunlarına qarşı aparılan qaralama kampaniyasının tərkib hissəsidir. Düşünürəm ki, bunun hələ davamı da gözlənilir. Oyunların hazırlıq mərhələsi uğurla başa çatdığına görə bizə dost olmayan çevrələr, əleyhdarlar sanki təmkinlərini itirərək aqressiv, emosional qərarlar qəbul edirlər. Ona görə ki, görünür onlar hələ Azərbaycan mediasının bunlara cavab vermək gücündə olduğunun fərqinə varmırlar. Sözsüz ki, mediamız bunlara layiqli cavab vermək gücündədir. Ən azı virtual məkanda Qeyri Hökümət Təşkilatları və media olaraq istənilən pozucu fəaliyyətin cavabını verməyə və əks arqumentlər qoymağa gücümüz yetər. Bunların qarşısını almaq üçün çevik olmalı və dövlətsevərlik mövqeyində dayanmalıyıq.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən də söz və fikir azadlığı tamamilə təmin edilib"

- "İFEX" kimlərinsə tərəfindən təlimatlandırılır. Sözügedən şəbəkənin Azərbaycana qarşı apardığı kampaniya müxtəlif siyasi dairələrin, ayrı-ayrı beynəlxalq təşkilatların maraqlarından çıxış etdiyini bir daha göstərir. Bu, söz və fikir azadlıqlarının onların əlində müstəqil dövlətlərə qarşı istifadə etmək üçün silahdan başqa bir şey deyildir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən də söz və fikir azadlığı tamamilə təmin edilib. Mətbuatımızın bu gün şəffaf şəkildə fəaliyyəti və cəmiyyətin ən xırda probleminə belə xüsusi diqqət ayırması bunu sübuta yetirən amillərdəndir. Mediamız bütün məsələlərdə dövlətin milli maraqlarından çıxış edir. Çünki biz Azərbaycana qarşı olan ədalətsiz münasibəti, ikili standartları illərdir açıq şəkildə görürük və öz qiymətimizi veririk. İndiki şəraitdə isə Azərbaycan mediasının üzərinə düşən başlıca vəzifə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına bütün müstəvilərdə cavab verməkdir. O cümlədən də sosial şəbəkələrdə media nümayəndələri kifayət qədər fəal olmalı, "Bakı-2015: Avropa Oyunları" nın rəsmi "twitter" səhifəsini təbliğ etməlidir.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz: "Qərəzli kampaniyalar həyata keçirənlərin ürəkləri partlayır"

- Belə beynəlxalq təşkilatlar hansı yola əl atırlarsa atsınlar heç bir nəticə əldə edə bilməyəcəklər. Çünki Azərbaycan çoxdan beynəlxalq arenada öz sözünü deyib. İlk Avropa Oyunları haqqında mənfi rəy formalaşdırmağa çalışanlar özləri də bunun şahididirlər. Sadəcə maliyyələşdirildikləri qurumların gözünə xoş görünmək üçün bu addımları atırlar. Kimlərdənsə qrantlar almaq üçün çıxmadıqları oyun qalmayıb. İlk Avropa Oyunlarının açılış mərasiminə biletlərin çoxdan satılması, fikrimcə onlara verilən ən layiqli cavabdır. Artıq idmançılar, xarici qonaqlar ölkəmizə təşrif buyurub və deyilən bütün fikirləri alt-üst ediblər. Ona görə də Azərbaycana qarşı aylar öncə başladılan qərəzli kampaniyalar həyata keçirənlərin ürəkləri partlayır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə