Bratislavada 28 May-Respublika Günü qeyd edilib TƏDBİR

Bratislavada 28 May-Respublika Günü qeyd edilib TƏDBİR

Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində, Slovak Dövlət Filarmoniyasında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun Slovakiya Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi tədbirə dövlət və hökumət təmsilçiləri, parlamentin deputatları, ictimaiyyətin nümayəndələri, səfirliyimizin əməkdaşları və bu ölkədə yaşayan həmyerlilərimiz qatılıblar.

Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Avstriya və Slovakiyadakı səfiri Qalib İsrafilov və fəxri konsul Cəlal Qasımov çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, Azərbaycanın inkişaf tarixindən söz açıblar. Eyni zamanda diqqətə çatdırılıb ki, Azərbaycan və Slovakiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.

Daha sonra beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Slovak Kamera Orkestri klassik konsert proqramı ilə çıxış edib. Konsertdə Üzeyir Hacıbəyli, Niyazı, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev kimi Azərbaycan bəstəkarları ilə yanaşı, İlya Zelenka, Vittorio Monti, Yohann Brahms, Jorj Bize kimi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Xalq Artisti, tarzən Ramiz Quliyevin, Çinarə Şirinin (sopran), Fərhad Aşumovun (skripka) ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin filarmoniyanın foyesində Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə