“Gənc Jurnalistlərin Etik Prinsipləri” layihəsinə yekun vurulub

“Gənc Jurnalistlərin Etik Prinsipləri” layihəsinə yekun vurulub

Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Prezident yanında Gənclər Fondunun dəstəyi ilə birgə həyata keçirdiyi "Gənc Jurnalistlərin Etik Prinsipləri" layihəsinə yekun vurub. SİA-nın məlumatına görə, layihənin bağlanış mərasimində Etika Akademiyasının direktoru Günel İbrahim, "Türkel" TV-nin (TTV) baş direktoru Nadir Şəfiyev, BBC-nin Azərbaycan üzrə təlimçisi Əli Verdiyev, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, layihə iştirakçıları və KİV iştirak edib.

Etika Akademiyasının direktoru Günel İbrahim bildirib ki, layihənin məqsədi ekspertlər tərəfindən aparılan təlimlər, internetdə kommunikasiya mədəniyyəti və gənc jurnalistlərin etik prinsipləri gözləyərək peşəkarlıqlarının daha da artırılmasına töhvə verməkdir: "AGAT yüksək reytinqə və ən çox oxunan saytların gənc jurnalistlərinə yeni mediadan istifadə, jurnalist etikası və dolğun xəbər məlumatın hazırlanması üçün 12 günlük 40 nəfərdən (hər qrupda 20 nəfər olmaqla) ibarət təlimlər keçirdi".

Akaemiyanın rəhbəri bildirib ki, keçirilən layihə üçün ekspertlər Azərbaycanda ilk yaradılan Etika Akademiyası tərəfindən təqdim edilib: "Ekspertlər tərəfindən aparılan təlimlər internetdə kommunikasiya mədəniyyəti və gənc jurnalistlərin etik prinsipləri gözləyərək peşəkarlıqlarının daha da artırılmasına kömək edəcək. Proqrama qəbul seçim əsnasında baş verib".

Daha sonra "Türkel" TV-nin (TTV) baş direktoru Nadir Şəfiyev, BBC-nin Azərbaycan üzrə təlimçisi Əli Verdiyev, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Sonda isə layihə iştirakçılarına təlimi uğurla başa çatdırdıqlarına görə sertifikatlar təqdim olunub. Sertifakata layiq görülənlər arasında SƏS Media Qrupun iki əməkdaşı da olub.

Qeyd edək ki, Gənc Jurnalistlərin Etik Prinsipləri adlı layihə 6-17 may 2015-ci il tarixinədək davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə