Akif Nağı: “Laçının işğalında müəmmalar həddən artıq çoxdur”

Akif Nağı: “Laçının işğalında müəmmalar həddən artıq çoxdur”

"O dövrdə müəyyən siyasi amillərin, ambisiyaların, hərbi bölmələrdə başıpozuqluğun, hərc-mərcliyin olması, vahid idarəetmənin olmaması Laçının işğalına gətirib çıxardı". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

QAT sədri xatırladıb ki, Laçının işğalı ərəfəsi çox mürəkkəb bir dövr idi: "Laçının müdafiəsi ilə bağlı formalaşan əsas silahlı qüvvə "Laçın Alayı" idi. Alaya komandirliyi isə Arif Paşa edirdi. Nə baş verdi? Nə üçün 5000-ə yaxın hazırlıqlı qüvvə dağınıq vəziyyətə gətirildi? Nədən onlar düşmənə qarşı mütəşəkkil mübarizə apara bilmədilər? Bunu birmənalı şəkildə demək çətindir. Amma, həmin alay müəyyən müqavimət göstərib. Alayın komandiri Arif Paşanın dediyinə görə, Şuşadan Laçına gedən yol tam minalanıbmış və bu istiqamətdə hərəkət edən düşmən oradan keçə bilməzmiş. Son məqamda bu ərazi minalardan təmizləndi. Bunu kim etmişdi məlum deyil. Heç kəs bunu üzərin götürmədi. Ona görə də Laçının işğalında müəmmalar həddən artıq çoxdur".

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən də danışan A. Nağı hesab edir ki, həmsədrləri münaqişənin həlli ilə məşğul deyillər və onlar status-kvonun qorunub-saxlanılmasına çalışırlar: "Həmsədrlərin əsas məqsədi ondan ibarətdir ki, vaxt keçsin və Azərbaycan işğal faktı ilə barışsın. Status-kvonun saxlanılması isə Ermənistanın iddialarının yerinə yetirilməsinə xidmət edir".

A. Nağı vurğulayıb ki, ATƏT-in Minsk qrupunun yarıtmaz əməllərində biri də Laçınla bağlıdır: "Həmsədrlərin hər dəfə verdiyi təkliflərin içərisində Laçın ayrıca yer tutur. Niyə? Laçın Azərbaycan torpağı deyil? Onu da ermənilər işğal etməyib? Onlar ona görə belə mövqe tuturlar? Çünki, bu ermənilərin tələbidir. Ermənilər Dağlıq Qarabağla Ermənistan arasında quru əlaqəsinin saxlanmasını istəyirlər. Eyni zamanda dünyanın gözü qarşısında Laçında erməniləri məskunlaşdırırlar. Yəni, ermənilər başa düşür ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və torpaqlarını azad edəcək. Buna görə də başqa ərazilərdən gətirilən erməniləri Laçında məskunlaşdırmaqla dünyanı fakt qarşısında qoymağa çalışırlar. ATƏT-in Minsk qrupu isə ermənilərin bu siyasətinə xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə