Azər Həsrət: “Avropa ikili standartı iş başındadır” AÇIQLAMA

Azər Həsrət: “Avropa ikili standartı iş başındadır” AÇIQLAMA

"Bu il yanvarın 7-də Parisdə Charlie Hebdo jurnalının redaksiyasına basqın və sonrakı hadisələr sonucu 14 nəfərin öldürülməsi bütün Avropanı ayağa qaldırmışdı. Doğrudan da dəhşətli idi. Amma həmin hadisədən bir neçə gün sonra Nigeriyada Boko Haram terrorçularının 2 minədək insanı öldürməsi kimsənin tükünün belə tərpənməsinə səbəb olmadı. Avropa öz ərazisində 14 nəfər üçün matəm elan etdi, Nigeriyaya Allahın bir başsağlığını belə çox gördü. Bunun adı ikili standartdır. Bütün məsələlərdə olduğu kimi insan haqları məsələsində də Avropa ikili standartı iş başındadır". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət Avropa Parlamentinin "Bakı 2015" I Avropa Oyunların ilə bağlı çıxardığı qərara münasibət bildirərkən deyib.

CASFEN sədrinin sözlərinə görə, beynəlxalq Amnistiya təşkilatının məlumatına görə, Avropa Birliyi ölkələri özəlliklə də Afrikadan gələn köçkünlərin qitəyə girişini əngəlləmək üçün 1 il ərzində 2 milyard avrodan artıq vəsait xərcləyir: "Köçkünlərin şəraitini yaxşılaşdırmaq üçünsə cəmi 700 milyon pul ayrılır. Son günlər aralıq dənizində Afrikalı köçkünləri daşıyan bərənin batması sonucu 900-dək insanın həlak olması bir daha göstərir ki, Avropa Birliyi onlardan yaxa qurtarmaq üçün ən qəddar şəraitin yaradılmasından belə çəkinmir. 2014-cü ilin fevralında İspaniya sərhəd mühafizəçiləri 250 Afrikalı köçkünün ölkəyə girişini əngəlləmək üçün silahdan istifadə etmişdi. Nəticədə 14 nəfər ölmüş, digərlərinin isə ölkəyə girişinə imkan verilməmişdi".

A.Həsrət bildirib ki, Beynəlxalq Həbsxanaları Araşdırma Mərkəzi adlı təşkilatın məlumatlarına görə, Avropa Birliyi ölkələrində dustaqxanalarda yol veriləndən daha artıq dustaq saxlanılır: "Örnək üçün, yunan Kiprində yüz nəfərlik yerdə orta hesabla 137,5, Yunanıstanın özündə 136,5, İtaliyada 128,8, Belçikada 124,4 Maltada 133,6 nəfər dustaq saxlanılır. Avropa ölkələrində eyni zamanda həm də dini və irqi ayrıseçkilik zəminində cinayət halları artmaqdadır. Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə islam, yəhudi dinindən olanlar, eyni zamanda dərisinin rəngi fərqli olanlar ayrıseçkiliyə məruz qalırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə