Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun "Universitet qrantı" və "Sənaye qrantı" məqsədli müsabiqələrin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, müsabiqə iştirakçıları və media nümayəndələri iştirak edib.
EİF-ın icraçı direktoru Elçin Babayev müsabiqəni açıq elan edərək deyib ki, təhsil müəssisələri EİF-nin qrant müsabiqələrində kifayət qədər fəal iştirak edib: "2010-2014-cü illərdə Fond tərəfindən təşkil edilərək keçirilmiş 17 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 315 qalib qrant layihəsinin 94-nün rəhbərləri 19 təhsil müəssisəsini təmsil edirlər. Adıçəkilən 315 layihə üzrə rəhbər və icraçıların ümumi sayının 21.5 faizi ali təhsil qurumlarına aiddir. 2014-cü ilin 3 noyabr tarixində ilk dəfə olaraq "Universitet qrantı" müsabiqəsi elan edilib. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 910 min manat nəzərdə tutulub. Müsabiqəyə 37 layihə daxil olub, layihələrin texniki və elmi ekspertiziyası işi təşkil olunub, ekspertiza işinə Elmin İnkişaf Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Nəticələr EİF-nın Himayədarlar Şurasında ciddi müzakirələrdən keçib, ümumi maliyyələşdirilmə həcmi 890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib".
E.Babayev bildirib ki, "Sənaye qrantı" müsabiqəsi Fond tərəfindən 2014-cü ilin 27 oktyabr tarixində elan edilib və bu müsabiqə çərçivəsində qrant maliyyələşdirməsinin cəmi həcmi 500 min manat nəzərdə tutulub: "Müsabiqəyə 38 layihə daxil olub, layihənin texniki və elmi ekspertiziyası işi təşkil olunub, EİF-nın daimi ekspertləri və müstəqil elmi ekspertlər layihələri qiymətləndirib, son nəticələr isə Fondun Himayədarlar Şurası tərəfindən müzakirə edilib".
Vurğulanıb ki, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib. Ümumi maliyyələşdirilmə həcmi 480 min manat olmaqla 6 qalib layihə müəyyənləşdirilib.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, lisenziyanın verilməsi ən mühüm mərhələdir: "Biz bu məsələlərdə bəzən çətinlik çəkirik. Ola bilsin gələcəkdə biz də xaricə lisenziya göndərək. Çünki elə sahələr var ki, bizdə o qədər də inkişaf etməyib. İndiyədək 20 milyona yaxın pilot layihələrə vəsait xərclənib. Hər iki qrant bizim üçün nisbətən yeni layihələrdir".
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev diqqətə çatdırıb ki, müasir dövrdə ölkələrin qüdrəti elm və təhsilin inkişafı ilə birbaşa bağlıdır: "İstənilən dövlətin inkişafı səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına çevrilməsi bilik iqtisadiyyatının formalaşdırılması müəyyən edir. Ölkənin intellektual potensialının formalaşdırılmasında ali təhsilin müstəsna əhəmiyyət kəsb etməsi danılmazdır".
İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli isə "Sənaye qrantı" müsabiqəsi haqqında ətraflı məlumat verib: "480 min manat olmaqla 6 qalib layihə müəyyən edilib. Bugünkü şərtlər çərçivəsində bu vəsait heç də az deyil. Lahihələrin mövzuları sənayenin prioritetlərinə uyğundur".
Sonda isə layihə qalibləri mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB