Partiya rəhbərləri iqtidar–müxalifət dialoqu haqda AÇIQLAMA

Partiya rəhbərləri iqtidar–müxalifət dialoqu haqda AÇIQLAMA

Mayın 15-də növbəti iqtidar – müxalifət diyaloqu keçiriləcək. Görüşün təşkilatçısı Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsidir. SİA Partiya rəhbər və müavinlərinin diyaloqla bağlı fikirlərini və gözləntilərini oxucalara təqdim edir:

Azadlıq Partiyasının sədri Əhməd Oruc:

- Bu görüşdə biz bir çox məsələlərin müzakirəsini məqbul hesab edirik. Hakimiyyət I Avropa Oyunlarına münasibət məsələsini önə çəkir, ortaya çıxarır. Bu məsələyə də yəqin ki, münasibətimiz olacaq. Olimpiada öncəsi Azərbaycana olan təhdidlər və digər məsələlər ətrafında da müzakirələr olacaq. Biz bu dialoqda iştirak edəcəyik. Yəqin ki, siyasi partiyaların əksəriyyəti bu prosesdə Azərbaycanın xeyrinə istifadə etmək kimi bir mövqedən çıxış edəcək. Dialoq məsələsi Azərbaycanın milli problemləri, razılaşdırılmış problemləri müstəvisində olacaq.

AXCP sədrinin müavini Nurəddin Məmmədli:

- Hələlik bu məsələ müzakirə olunmayıb, ona görə də partiyanın bu barədə qərarı yoxdur. Dialoqa gedib, getməyəcəyimizlə bağlı suala cavab verə bilmərəm. Partiyada bu məsələ müzakirə olunandan sonra qərar veriləcək.

Azərbaycan Demokrat Partiyasaının sədri Sərdar Cəlaloğlu:

- Mənim düşüncəmə görə, bu gün cəmiyyətin ən ciddi problemi manatın devalvasiyasından sonra yaranan vəziyyətdir. Gərək bu məsələ müzakirə oluna və hökumət bu məsələdə bank kreditləri ilə bağlı bir qərar qəbul etsin. Mütləq bu dialoqa qatılacağam. Əgər hər hansı problem ortaya çıxmazsa çalışacağam ki qatılım. AXCP və Müsavatın qatılmağı məsələsinə gəlincə, hər kəsin öz siyasi xətti var. Konsensus, iqtidarla müxalifətin uzlaşması demokratiyanın tələbidir. Bu dialoqun mahiyyəti ondan ibarətdir ki, tərəflər bir-biri ilə bağlı iradları birbaşa bir-birinə çatdırsınlar. Həmin iradların aradan qaldırılması ilə bağlı yollar göstərsinlər və eyni zamanda həmin iradların aradan qaldırılması ilə bağlı konkret ideyalarını versinlər. Dialoq cəmiyyətdə tıxanan nöqtələrdə yolların açılması deməkdir ki, cəmiyyət inkişaf etsin. Kim bunu istəmirsə, bu onun öz işidir. Burada şüur məsələsi var.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:

- Budəfəki dialoqda Avropa Oyunları və partiyaların buna münasibətləri müzakirə olunacaq. Hər halda bu görüşlər əhəmiyyətli görüşlərdir. Hansı mövzuya həsr olunmağından asılı olmayaraq, dialoqa normal baxıram və hesab edirəm ki, görüşdən görüşə əhəmiyyəti artacaq. Daha da ciddi, səmimi və daha peşəkar söhbətlər olacaq.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn:

- Görüşdə müzakirə olunacaq mövzular haqqında mənim informasiyam yoxdur və görüşün təşkilatçısı Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsidir. Onlar da ümumi ictimai-siyasi məsələlərin müzakirə olunacağı haqqında məlumat yayıblar. Deyilənə görə, mühüm məsələlər, hətta I Avropa Oyunları məsələlərinə münasibət də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə