Bəhruz Quliyev: "I Avropa Oyunları Azərbaycan üçün mühüm hadisədir" AÇIQLAMA

"Bu, təkcə dövlətin, iqtidarın işi deyil"
Bəhruz Quliyev: "I Avropa Oyunları Azərbaycan üçün mühüm hadisədir" AÇIQLAMA

I Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi günə bir aydan da az vaxt qalır. Bu ərəfə isə oyunlara hazırlıq mərhələsidir. Sözsüz ki, mötəbər yarışa ev sahibliyi edən ölkə çalışır ki, tədbiri yüksək səviyyədə təşkil etsin. Bəs, bu oyunlara media necə hazırlaşır? SİA bununla bağlı SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin teleqraf.com saytına verdiyi açıqlamanı təqdim edir:

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, "Bakı 2015" I Avropa Oyunları Azərbaycan üçün mühüm hadisədir: "Nəzərə almaq lazımdır ki, bu, ilk Avropa Oyunlarıdır, bu oyunlar Azərbaycandan başlayır. Oyunlar gələcəkdə digər ölkələrdə keçiriləndə bu yarışa artıq Azərbaycan ilk dəfə ev sahibliyi etdiyinə görə tarixə düşəcək. Media orqanı olaraq bizim məqsədimiz yarış ərəfəsində maarifləndirmə işi aparmaqdır. Hər bir media orqanının və vətəndaşın borcudur ki, öz əlində olan resursları cəmləyib insanları düzgün istiqamətə yönəltsin. Azərbaycan həqiqətlərini, mədəniyyətini, iqtisadiyyatını dünyaya düzgün çatdırmağın vaxtıdır. Hesab edirəm ki, bizim üzərimizə ağır yük düşür. Bu, təkcə dövlətin, iqtidarın, onun ayrı-ayrı qurumlarının işi deyil. Azərbaycanda fəaliyyət göstərən bütün mətbuat orqanlarının işidir. Bu hərəkata hər bir vətəndaş qoşulmalıdır. Mətbuat orqanları bu ərəfədə təbliğatı düzgün aparmalı, bu möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsini təmin etməyə borcludur".

Bütün xəbərlər Facebook səhifəmizdə