Bu gün Milli Məclisdə "Bakı 2015" I Avropa Oyunları ərəfəsində anti-Azərbaycan kampaniyasına həsr olunan dinləmələr keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, digər millət vəkilləri, QHT və KİV rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, Azərbaycana qarşı aparılan qara piar kampaniyası qəbulolunmazdır: "Biz bu kampaniyaya səssiz qala bilmərik. Ona görə də qərara aldıq ki, bununla əlaqədar tədbir keçirək. Avropa Oyunları Azərbaycanın böyük uğurudur. Hər ölkəyə belə bir etimad göstərilmir. Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Əlbəttə ki, bu işlər üzücüdür. Təbii ki, Avropada insanlar bu Oyunların keçirilməsini dəstəkləyir. Əfsuslar olsun ki, Azərbaycana qarşı belə münasibətlər də var, təbii ki, burada bir çox amillər, o cümlədən geosiyasi məsələlər, siyasi qısqanclıq da var".
Ötən gün Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrə gəlincə, A.Quliyev deyib ki, onların bütün iddiaları əsassızdır: "Deyirlər ki, niyə Azərbaycan xarici jurnalistlərin ölkəyə gəlməsinə qadağa qoyur? Amma halbuki Avropa Oyunlarında iştirak etmək üçün 1500 xarici jurnalist qeydiyyatdan keçib və onlar Azərbaycana gələcəklər. Yəni buradan aydın olur ki, Avropa Parlamenti məsələləri öz istədiyi kimi qələmə verir".
Azay Quliyev bildirib ki, ABŞ-ın keçmiş diplomatları bu işdə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Bəzi ABŞ diplomatları təqaüdə getdikdən sonra anti-Azərbaycan kampaniyasına canfəşanlıqla qatılırlar.
O qeyd edib ki, vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Rebekka Vinsent də aparılan kampaniyada iştirak edir.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov deyib ki, Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır: "Təəccübləndirici hallardan biri odur ki, Avropa Parlamentinin üzvləri Azərbaycan qarşı silsilə şəkildə alçaq addımlar atırlar. Avropa Parlamentinin qaydaları belədir ki, hər hansı deputat katibliyə müraciət edərək hər hansı bir otaqda istədiyi tədbiri keçirə bilər. Bu o demək deyil ki, bu Avropa Parlamentinin tədbiridir. Bu hər hansı bir şəxsin keçirdiyi tədbirdir. Təəccüb doğuran odur ki, bu tədbirləri illər boyu Azərbaycana qarşı fəaliyyətlə fərqlənən Avropa Parlamentinin bəzi üzvləri tərəfindən təşkil edilir. Deməli bu tədbirlər hər hansı bir mərkəz tərəfindən idarə olunur. Yəni, rəsmi şəkildə edə bilmədiklərini, qeyri-rəsmi şəkildə, belə alçaq hərəkətlə etməyə çalışırlar. Son zamanlar vətən xaini Ələkrəm Hümmətov kimi alçaq, vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Cəbhəni yaran bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir. Azərbaycana olan münasibətin ən mühüm səbəbi odur ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır. Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq biz müstəqil siyasəti aparırıq. Bu da kimlərəsə pis təsir edir. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlığını qurmaq, tənqid, tərif etmək üçün yetərli qədər platformalar var. Bizlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik.
Vitse-spiker qeyd edib ki, Türkiyə Avropa Şurasının yaranan gündən üzvüdür: "Qardaş ölkə Avropa İttifaqı ilə asossasiya sazişini 1963-cü ilin sentyabrnda imzalayıb. 1965-ci ildə isə imzalanan sənəd qüvvəyə minib. Bundan 40 il sonra, 2005-ci ildə yenə də bu saziş təkrarlanır, danışıqlar gedir. Bu müddət ərzində Aİ-yə Türkiyədən bütün parametrlərdə geri qalan xristian ölkəsi qəbul edilib: "Türkiyə isə yaxın buraxılmır və buraxılmayacaq da. NATO-da Türkiyə sevimli tərəfdaşdır. Çünki, burada söhbət təhlükəsizlikdən gedir. Aİ ilə əməkdaşlığa gəlincə isə Türkiyə yararsız olur. Bunu bir səbəbi türk və müsəlman olmağıdır. Başqa səbəbi də yoxdur".
V. Ələsgərov qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri tikilən zaman 200-ə yaxın qeyri-hökumət təşkilatı buna qarşı çıxırdı: "Onlar iddia edirdi ki, guya ətraf mühit korlanacaq. Sözügedən enerji layihələrinin reallaşmasının qarşısını almaq üçün QHT-lərə 190 milyon manat xərclənib".
Müzakirələrdə iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli bildirib, Azərbaycan əleyhinə aparılan kampaniyaların arxasında məkrli niyyətlər dayanır: "Avropa təsisatları həmişə Azərbaycanda keçiriləcək beynəlxalq əhəmiyyətli tədbirlər zamanı ölkəmizə qarşı təbliğata start verirlər. Avropa Birliyinə daxil olan ölkələrin özlərində insan hüquqları pozulsa da, Avropa Parlamenti bunu görməzlikdən gəlir. Ancaq Azərbaycanda hər hansı adi bir hadisəni şişirdərək bizə qarşı təbliğat aparırlar. Onlar Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Hücumların daha bir səbəbi isə Azərbaycan xalqının fikrini başqa istiqamətə yönəltməkdir".
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Avropa Birliyi ölkələrində korrupsiya fenomeni ciddi iqtisadi, siyasi və sosial problem kimi son illər daha çox diqqət çəkməyə başlayıb. 2014-cü ildə Aİ-nın Antikorrupsiya Agentliyi OLAF tərəfindən açıqlanan hesabatda daha böyük rəqəmlər əks olunub. Agentliyin araşdırmalarına görə, Aİ hər il korrupsiyadan 320 mlrd avro itirir. Bu, Aİ-nin 7 illik 2014-2020-ci il üçün nəzərdə tutulan büdəcəsinin üçdə birini təşkil edir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov çıxışında deyib ki, Norveç İnsan Hüquqları Evi adlı təşkilat Norveç hökumətinin subsidiyası ilə işləyir və Avropa Oyunları ilə bağlı aparılan kompaniyanın əsas təşkilatçılarından biridir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib ki, dünya erməniliyi Azərbaycandan əl çəkmir və çəkmək fikrində deyil: "Azərbaycan inkişaf etdikcə bu erməniləri daha da qıcıqlandırır. ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri Kristofer Smit aprelin 24-də Ermənistanda soyqırım abidəsinin qarşısında diz çöküb. Bir dəfə də olsun Ermənistandakı məsələləri müzakirəyə çıxarmayıb, lakin Azərbaycanı müzakirəyə çıxarıb. Hesab edirəm ki, Azərbaycanda insan haqlarının pozulması süni təşkil edilmiş məsələdir.
Daha sonra çıxış edən millət vəkili Asim Mollazadə qeyd edib ki, Azərbaycana qarşı ideoloji mübarizə başlayıb. O, təklif edib ki, belə dinləmələr Avropa Parlamentində və digər qurumlarda da təşkil edilsin.
Millət vəkili Məlahət İbrahimqızı sual edib ki, nə üçün Avropa təsisatları bir dəfə də Aralıq dənizində ölən miqrantlarla bağlı müzakirələr aparmır? "Halbuki, bunu müzakirə çıxarmaq onların borcudur. Çünki Yaxın Şərqdə Avropa Birliyinə daxil olan ölkələrin hərbçiləri mübarizə aparırlar".
M. İbrahimqızı təklif edib ki, Avropadakı nüfuzlu təşkilatlara Azərbaycanda tanınmış QHT-lərin təşəbüsü ilə müraciət göndərilməlidir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə çıxışında deyib ki, xaricdə partnyorların sayının artmasını istəyiriksə, vətəndaş cəmiyyəti gücləndirməliyik.
Millət vəkili Fuad Muradov bildirib ki, Azərbaycan belə qərəzli mövqe ilə mütamadi üzləşəcək: "Azərbaycanda bu cür dinləmələrin sayı çoxalmalıdır. Azərbaycan QHT-ləri stimullaşdırıb xaricdə tədbirləri genişləndirməlidir".
F. Muradovun sözlərinə görə, Azərbaycandakı QHT rəhbərlərinin media nümayəndələrinin Avropa Birliyinin ölkəmizdəki səfirinin qəbuluna düşməyə tam ixtiyarları var: "Ona qarşı suallar ünvanlamalıdır. Desinlər ki, Azərbaycana yalvarırsınız ki, Riqa sammitində iştirak etsin. Səfirin qarşısında konkret suallar qoyulmalıdır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Niyaməddin Orduxanlı deyib ki, Azərbaycana qarşı təşkil edilən kampaniyaya ölkə daxilindən radikal qüvvələr mütəmadi mitinqlər keçirməklə dəstək verirlər.
Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan qabaqlayıcı addımlar atmalıdır: "Dostlarımız onsuz da dostumuzdur. Biz çalışmalıyıq ki, əleyhimizə olanlarla iş aparaq. Yəni, həmin adamlara anti-Azərbaycançı deyərək kənara çəkilməməliyik".
Millət vəkili Çingiz Qənizadə isə çıxışında deyib ki, Avropa Parlamentindəki dinləmlərdə bilərəkdən qərəzli mövqe sərgilənir: "Ötən günki dinləmələrdə bildirilir ki, guya xarici jurnalistlərin Azərbaycana buraxılması məsələsi hələ də müzakirə olunur. Göründüyü kimi açıq qərəzli mövqedir və bununla xarici jurnalistlərin Azərbaycana gəlişinin qarşısını almaq istəyirlər".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu vurğulayıb ki, bu vəziyyətdə Azərbaycan tək deyil: "Ona görə də tərəfdaş ölkələrlə bu koalisiyanı genişləndirib onlarla bərabər mübarizə aparmalıyıq".
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib ki, belə kampaniyalara qarşı hər bir Azərbaycan vətəndaşı dövlətçilik naminə öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdır.
Yekun nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev vurğulayıb ki, xarici dairələr Azərbaycan qarşı belə qərəzli mövqedən əl çəkməyəcəklər, çünki biz də doğru bildiyimiz yoldan əl çəkməyəcəyik.
Elvin Abdulqədirov, Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB