Oqtay Əsədov: “Əməkdaşlığımız Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”

Oqtay Əsədov: “Əməkdaşlığımız Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən SİA-ya verilən məlumata görə, Milli Məclisin sədri qonağı səmimi salamlayaraq, eyni soy kökünə, mədəniyyətə malik xalqlarımız arasında dostluq əlaqələrinin sarsılmaz olduğunu bildirib.

O. Əsədov vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün də nümunə ola biləcək səviyyədədir: "Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Ölkələrimiz arasında imzalanmış 200 sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. 27 sənəd isə baxılmaq üzrədir. Eyni zamanda iqtisadi əlaqələrimiz də qürurvericidir. Bu gün Türkiyədə 1300-dən çox Azərbaycan şirkəti, ölkəmizdə isə 2400-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Bu il Qarsda TAP qaz layihəsinin təməlqoyma mərasiminin keçirilməsi iqtisadi əməkdaşlığımızın yüksək səviyyədə olmasının əyani göstəricilərindəndir. Enerji sahəsindəki əməkdaşlığımız Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır".

Parlamentlərarası əlaqələrdən söz açan Spiker deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşlərini və prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələrini müsbət dəyərləndirib. Bildirib ki, uydurma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Forumdan şou düzəltmək istəyən ermənipərəst qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Bunun əvəzində türk ordusunun Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş tədbir təntənəli şəkildə baş tutdu və dünya ictimaiyyətinin diqqətini cəlb etdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Baş nazirinin müavini Əli Babacan ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib.

Tarixən sarsılmaz təməllər üzərində qurulmuş dostluğumuzun bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. O, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq bölgəyə əmin-amanlıq, firavanlıq gətirəcəkdir. Qonaq TAP və TANAP kimi iri qaz layihələrinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin reallaşması ilə hər iki ölkənin regionda nüfuzunun daha da artacağını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü Məmməd Musayev, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə