Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 92 illiyinə həsr olunan "Azərbaycan Müasir Dünyada" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Azərbaycan müasir dünyada" mövzusunda konfransa qatılıblar.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, Ulu Öndərin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması artıq ənənə halına çevrilib: "Bu, hər bir azərbaycanlının Heydər Əliyevin xatirəsinə, eləcə də Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. Çünki Heydər Əiyev və Azərbaycan anlayışlarını bir-birindən ayrımaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, ona hörmət və ehtiramını bildirəcək. Yeni Azərbaycan Partiyası artıq 12-ci ildir ki, Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir. Budəfəki konfransın mövzusunun "Azərbaycan müasir dünyada" olaraq seçilməsi heç də təsadüfi deyil. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Heydər Əliyevin ideayaları, onun adı ilə bağlıdır. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Buna baxmayaraq, Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib. MDB dövlətləri arasında BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub. Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət sahibi olmasını göstərir".
Çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Azərbaycan mili maraqlarına uyğun olaraq həm Qərbə və avroatlantik strukturlara inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlığı davam etdirir: "Bu kontekstdə xarici siyasət kursunda strateji prioritet kimi müəyyən olunmuş əsas vəzifə Dağlıq Qarabağ düyününün açılmasıdır. Son dövrlər Ukraynada cərəyan edən hadisələrdən dolayı beynəlxalq ictimaiyyət sanki qəflət yuxusundan ayılaraq separatizmin bəşəriyyət üçün necə ağır nəticələr verə biləcəyinin fərqinə varmağa başlayıb. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün yeni perspektivlər açır. Təsadüfi deyil ki, indi beynəlxalq görüşlərdə dövlət başçılarının ritorikasında bununla bağlı səslənən fikirlərdə müəyyən müsbət korrektələr hiss olunur, Azərbaycanın haqq işi daha konkret olaraq dəstəklənir. Bu ilin əvvəllərində prezident İlham Əliyevin Almaniyaya, Bolqarıstana və Vatikana səfərinin nəticələri buna əyani sübutdur. Bütün bunlarla yanaşı, o da istisna edilmir ki, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Çünki bir çox hallarda bəzi beynəlxalq qurumlar, hegemon dövlətlər bu məsələ ilə bağlı ikili standartlar əsasında çıxış edir, ədalətsiz münasibət göstərirlər. Bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmində və iqtidarındadır".
B. Muradova deyib ki, Qərbi Avropada hər şey heç də bizim düşündüyümüz kimi şəffaf deyil. Məsələlərin mahiyyətinə vardıqca, proseslərdən görürük ki, can atdığımız dəyərlər heç də uzaqda deyil, özümüzdədir, milli mənəvi dəyərlərimizdədir, tarixi keçmişimizdədir və gələcəyə baxışımızdadır. Bu gün dünyada, Avropada və inkişaf etmiş ölkələrdə anti-türk, anti-islam, islamafobia kimi meyllər mövcuddur. Yenicə müstəqilliyini əldə etmiş dövlətlərin müstəqil siyasət yürütməsi, müsəlman və türk dövlətlərinin inkişafı dünyada qısqanclıqla qarşılanır. Biz başa düşürük ki, dünyanı maraqlar idarə edir. Bu baxımdan Azərbaycanın müstəqil siyasət aparması, güclənməsi, inkişaf etməsi dünyanı öz maraqlarına uyğun idarə etmək istəyənlərin qarşısında bir maneədir. Belə bir mühitdə qarşına qoyduğun məqsədə çatmaq üçün düzgün yol seçməlisən: "Məhz Ümummilli lider Heydər Əliyev bu yolu düzgün seçdi və bu istiqamətdə gedən Azərbaycan bu gün güclənmiş ölkəyə çevrildi".
Çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə görə, dünyada siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazanıb: "Bu amil Azərbaycanın beynəlxalq imici və geosiyasi gücünə real təsir göstərib: "Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik həyatında iştirak edir və müvafiq sahələrdə geosiyasi maraqlarını təmin etməyə çalışır".
Azərbaycanın uğurlu neft strategiyasından danışan Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycan Xəzər Dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli və ümidverici tərəfdaş hesab olunur".
O qeyd edib ki, dünyada alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risqlərdən biri hesab olunan məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır: "Bu anlamda Azərbaycanın özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi sahəsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə ölkənin enerji ixracı risqləri çox aşağı səviyyədədir".
PA rəsmisi bildirib ki, hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxmunən 30-40 milyard kubmetr olan maye qaz kəmərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfıra endirib: "Avrasiyanın ən tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət enerji, yanacaq və nəqliyyat kommunukasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir. Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm Avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan iki hərbi bloku NATO və KTMT-nın mövcudluğunu nəzərə alaraq davamlı, tarazlı siyasət aparmağa üstünlük verib. mütəxəsislər hesab edir ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır".
Ə. Həsənov əlavə edib ki, Avrasiyanın əsas tranzit ölkələrindəm biri olan Azərbaycan şərq-qərb ticarət, enerji-yanacaq, nəqliyyat kommunikasiya əlaqələrinin mərkəzində dayanır: "Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur. Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi-mənəvi və insan resurslarına, milli vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxil və xarici siyasət yürütməsidir".
Ə. Həsənov bildirib ki, Azərbaycan əhalisinin sayına müvafiq olaraq həm onun mili ordusunun say tərkibi və hərbi-texniki hazırlığı, həm də silahlanma keyfiyyəti Gürcüstan və Ermənistandan qat-qat yüksəkdir: "Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə xərclərinə görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Odur ki, Azərbaycan keçən müddətdə təkcə Avropa Birliyinin enerji təhlükəsizliyinin, yaxud Qonşuluq Siyasətinin əsas fiqurlarından biri kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində – Əfqanıstanda, İraqda, Balkanlarda, digər münaqişə bölgələrində Qərbin həyata keçirdiyi sülhyaratma proseslərindəki birbaşa iştirakına, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması fəaliyyətinə görə də xüsusi fərqlənib. Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm avroaltlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə ilə toqquşan iki hərbi blokun – NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu nəzərə alaraq davamlı tarazlı siyasət aparmağa üstünlük verib. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır".
Ə. Həsənov qeyd edib ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur: "Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən artıq müddətdə həll edilməməsini aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın mili inkişafı yolunda rastlaşdığı ən mühüm problem Dağlıq Qarabağ münaqişəsi olub. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərib. Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun sona qədər həll edilməməsindən, Transxəxər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərib. Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Cənubi Qafqaz, Xəzər, Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına Azərbaycanı nə qədər əlverişsiz ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzu edilən tərəfdaşa çevrilib. Beləliklə, müstəqilliyinin 20 ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü uğurla başa vurub və bir dövlət olaraq tam formalaşıb, güclü regional amilə çevrilib və qlobal siyasətdə öz sözü, rəyi, prinspial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlayıb".
PA rəsmisi deyib ki, müstəqilliyin ilk illərində Azərbaycanın milli iqtisadiyyatı tamamilə xarici kapitaldan və neft sənayesindən asılı idisə, son illərdə nisbət əsaslı şəkildə dəyişmiş, iqtisadi, sosial, infrastruktur və s. sahələrdə yerli kapital və qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə yüksəlib: "Son illər ölkənin neft amilindən və xarici kapitaldan asılılığı kəskin şəkildə azalmış, iqtisadi inkişafın əsas yükü qeyri-neft sektorunun üzərinə keçirilmiş, əsas valyuta ehtiyatları bu sektorun yüksəlişinə istiqamətləndirilmişdir. Bütün bunlar ölkənin iqtisadi gələcəyi ilə bağlı əhalidə və mütəxəssislərdə nikbin əhval ruhiyyə yaratmışdır.
Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikultiralist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur. Ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar əlbətdə ki, onun xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur. Tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sırasına həmçinin azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini,hakimiyyətin siyasətinə xalqın etimadı və dəstəyini,milli maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən, ziyalıların nümayiş etdirdiyi güclü milli iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü də aid edirlər. Bu gün bölgədə ən sabit cəmiyyət, milli etnik, dini icmalar arasında sülh və tolerantlıq mühiti də məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir, yürüdülən daxili və xarici siyasətdə mühüm amil kimi çıxış edir.
Ə. Həsənov qeyd edib ki, hazırda ölkənin təsdiq olunmuş karbohidrogen ehtiyatları 4,6 ehtimal olunan isə 10 milyard ton şərti yanacaq təşkil edir: "Bunun 2 milyard tonunu neft, 2,6 trln. Kub metri isə təbii qaz təşkil edir. Müstəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ dolları miqdarında xarici sərmayə qoyulmuş, 61 yeni neft yatağı istismara verilmiş və yaxud yaralı vəziyyətə gətirilib".
Çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib ki, bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir: "Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Məlum olduğu kimi, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər. İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Münhendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında Böyük Britaniyada məskunlaşmış əcnəbiləri yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəməmələri ilə izah edib. Bəlkə də və çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin özlərinə bəraət qəzandırmaq cəhdidir. Və bunun fonunda təzahür edən, inkişafda olan multikulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi olan Heydər Əliyevin arzularından biri də bu idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB